...

Qazaxıstan ATƏT-ə sədrlik dövründə regional təhlükəsizlik problemlərini həll etmək iqtidarındadır

Siyasət Materials 2 May 2009 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbirlər Y.Ostapenko, V.Javoronkova /

Ekspertlər hesab edirlər ki, demokratiyanın aşağı səviyyədə olması gələn il ATƏT-ə sədrlik zamanı regional təhlükəsizlik, narkotik maddələrin qanunsuz dövriyyəsi və münaqişələrin həll edilməsi məsələlərinin öhdəsindən gəlməkdə Qazaxıstana maneçilik törətməyəcək.

"Əsas məqsəd təhlükəsizliyin təmin edilməsidir. Qazaxıstan bu vəzifənin öhdəsindən gələcək", - deyə Moskvadan telefonla Trend -a Rusiyanın aparıcı politoloqlarından biri Stanislav Pritçin bildirib.

Təhlükəsizlik məsələləri ilə məşğul olan və dünyanın iri regional təşkilatlarından olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik bu vəzifəni icra edən ölkə üçün müəyyən öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. 2010-cu ildə təşkilata sədrlik edəcək Qazaxıstan isə ölkənin özünəməxsus xüsusiyyətləri olması səbəbindən lazımi liberal islahatların icrasından imtina edib.

"Ölkənin özünəxas xüsusiyyətlərinin olması səbəbindən Qazaxıstan ATƏT-in tövsiyələrinin bir qismini nəzərə almaya bilər", - deyə Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev bildirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya və politologiya kafedrasının elmi əməkdaşı Pritçin hesab edir ki, Şərq ölkəsinə ATƏT-ə rəhbərlik imkanı əvvəldən "minnətlə" təqdim edilib. Qazaxıstanda ATƏT-in başlıca standartlarına riayət olunmur.

Hazırda Qazaxıstanda birpartiyalı parlament fəaliyyət göstərir, burada yalnız sədri prezident olan hakim "Nur Otan" partiyası mövcuddur ki, bu da ATƏT-in demokratiya prinsiplərinə ziddir. Lakin fevralda Prezident Nursultan Nazarbayev seçkilərlə bağlı qanuna ikidən çox partiyanın iştirakı ilə ölkə parlamentinin formalaşdırılmasını təmin edən dəyişikliklərin edilməsi üzrə qanun layihəsi imzalayıb. Qazaxıstanda parlament seçkiləri 2012-ci ildə keçiriləcək. Ekspertlər hakimiyyətin seçki qanunvericiliyinin liberallaşdırılması ilə bağlı bu addımını Astananın gələn il ATƏT-ə sədrlik edəcəyi ilə əlaqəli olduğunu bildirirlər.

Qazaxıstan 1992-ci ildən ATƏT-in üzvüdür və gələn bu təşkilata sədrlik hüququnu birinci dəfə əldə edir. Qazaxıstanın bu təşkilata sədrliyi onun özünü dünyaya göstərmək səyləri ilə bağlıdır.

Ekspertlər hesab edirlər ki, sədrlik məsələsi artıq həll olunduğundan Qazaxıstanın daxili-siyasi vəziyyətlə bağlı dəyişikliklər və islahatlar aparacağını gözləməyə dəyməz. 

Pritçin hesab edir ki, milli maraqlarını dərk edən ölkə istənilən vəziyyətdə onları qoruyacaq və müdafiə edəcək.

Ölkədə demokratik əsasların olmadığı bir halda Qazaxıstanın ATƏT-ə sədrliyinin əhəmiyyəti ilə bağlı ekspertlər arasında fikir ayrılıqları var.

"Qazaxıstan lap əvvəldən ATƏT-ə sədrliyi dövründə əsas diqqəti demokratik inkişaf prinsiplərinə deyil, təhlükəsizliyin təmin edilməsi problemlərinə ayıracağını bəyan edib", - deyə Trend -a Astanadan telefonla Qazaxıstanın aparıcı politoloqu və analitiki Dosım Satpayev bildirib.

Pritçin hesab edir ki, sədrlik dövründə, ötən il Gürcüstanda baş verən hadisələrə oxşar vəziyyət yaranarsa, Qazaxıstan operativ olaraq danışıqlar meydançasını təşkil etməyi və münaqişə tərəfləri arasında vasitəçi rolunu oynamağı bacaracaq.

Qondarma Cənubi Osetiya Respublikası ərazisində hərbi əməliyyatlar ötən ilin avqustunda baş verib. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb və onlarla diplomatik münasibətlər qurub.

Böyük Britaniyanın Chattamhouse Krallıq İnstitutunun "Rusiya və Avrasiya" proqramının rəhbəri Ceyms Niksi (James Nixey) də sədrlik dövründə Qazaxıstanın regional əməkdaşlıq, narkotika və korrupsiya ilə mübarizə kimi məsələlərin öhdəsindən gələcəyinə inanır.

Lakin onun fikrincə, ATƏT-in dəyərləri və maraqları bu sədrlik dövründə "ucuzlaşdırılacaq". Çünki Qazaxıstan öz diqqətini yalnız həll edə biləcəyi məsələlərə cəmləşdirəcək, demokratiya məsələləri ilə məşğul ola bilməyəcək.

Xəbər lenti

Xəbər lenti