...

Rəsmi Bakı Vaşinqtonun Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə diqqətini qeyd edir

Siyasət Materials 5 May 2009 11:09 (UTC +04:00)
Rəsmi Bakı Vaşinqtonun Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə diqqətini qeyd edir

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-a səfəri Vaşinqtonun yeni administrasiyasının Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə diqqət ayırdığına dəlalət edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Aydındır ki, ABŞ-ın yeni administrasiyası bu prosesi müzakirə etməklə yeni töhfə verməyə və tərəflərin mövqelərin yaxınlaşdırılması istiqamətində konkret tədbirlər görmələri üçün təkliflərlə çıxış etmək mesajını tərəflərin diqqətinə çatdırmağa çalışır", - deyə o bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend -a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin dəvəti ilə xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfər edəcək. Səfər çərçivəsində ABŞ-ın Dövlət katibi Hillari Klinton, Pentaqon və Təhlükəsizlik Şurasının rəsmi şəxsləri və ekspertlər qrupu ilə görüşlər planlaşdırılıb. Görüşlərdə regional problemlər və Azərbaycan-Amerika münasibətləri müzakirə olunacaq.

Ermənistan KİV-nin yaydığı məlumata görə, mayın ilk günlərində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqtona səfər edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti