...

Gürcüstan Prezidenti qiyamçıları hədələyib və Rusiyaya xəbərdarlıq edib

Siyasət Materials 5 May 2009 17:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanı təxribatlardan və Gürcüstanda gərginliyi artırmaqdan əl çəkməyə çağırıb. Bu barədə Prezident televiziya vasitəsilə xalqa müraciət zamanı deyib.

"Mən şəxsən qiyamçılarla danışıqlar apardım, onlara silahları yerə qoymağı və polisə təslim olmağı təklif etdim. Səhər saatlarından etibarən Müdafiə Nazirliyinin əməkdaşları danışıqlar aparıb. Hazırda daxili işlər naziri Vano Merabeşvili oradadır. Biz onlara vaxt vermişik və cavab gözləyirik. Əks təqdirdə müvafiq orqanlara qanuna uyğun olaraq hərəkət etmələri üçün tapşırıq vermişəm", - Prezident deyib.

Prezident qeyd edib ki, bu gün səhər saatlarında bir hissə hərbçi "müəyyən narahatlıq" yaratmağa cəhd ediblər. "Yaxın günlərdə Gürcüstanda NATO təlimlərinin və AŞ sammitinin keçirilməsi planlaşdırılır. AŞ sammitində Gürcüstan qurumla "Şərq əməkdaşlığı" çərçivəsində razılaşma imzalayacaq. Birincisi simvolik akt, ikincisi isə Gürcüstanın gələcəyini təyin edən vacib siyasi hadisədir. Belə bir vəziyyətdə Rusiya tərəfindən çoxlu hədələr və təxribatın şahidi olmuşuq. Gürcüstan əleyhinə konkret addımlar atılıb. Son zamanlar Rusiya separatçı regionlarda yerləşdirdiyi silahlı qüvvələrinin sayını üç dəfə artırıb və Qara dənizdə Gürcüstan sərhədi yaxınlığında hərbi gəmilərini yerləşdirib. Onlar ümid edirdilər ki, Tbilisinin mərkəzində zorakılıq halları olacaq və sonra müstəqilliyimizin və AŞ-yə inteqrasiyamızın əleyhinə bir sıra addımlar atacaqlar. Görürdünüz ki, təxribatın olmaması üçün maksimum ehtiyatla davranırdıq. Düşünürəm ki, dialoq vacibdir və buna görə hamıya minnətdarlığımı bildirirəm. Yenə də dialoqa hazır olduğumu təsdiq edirəm", - Saakaşvili qeyd edib.

Gürcüstan Prezidenti bildirib ki, "bununla yanaşı, işğalçıların hay-küyünü də görmüşük. Onlar Gürcüstanda NATO təlimlərinin keçirilməsinə mane olacaqlarını bildirirdilər və vəziyyəti daha da gərginləşdirməkdən ötrü çox şey etdilər".

"Belə olduqda keçmiş hərbçi və qvardiyaçılar, onların RF xüsusi xidmət orqanları ilə əlaqə saxlayan bir hissəsi hərbi hissələrin birində çaxnaşma törətmək istəyirdilər. Bütün bunlar Gürcüstanın sabitliyinin və konstitusiya quruluşunun əleyhinə yönəlmiş addımlardır. Biz bunu çağırış kimi dəyərləndiririk", - Saakaşvili vurğulayıb.

Saakaşvili onu da bildirib ki, digər hərbi hissələrdə qiyam yoxdur. "Hazırda həyəcan siqnalı elan edilib və bütün Silahlı Qüvvələr tam hazırlığa gətirilib. Bir şeyi bildirmək istəyirəm ki, olanların sosial vəziyyətlə əlaqəsi yoxdur və ordumuz hər şeylə təmin edilir. Heç kim ölkəni 90-cı illərə qaytara bilməz. O vaxtlara ki, silahlı quldurlar istədiklərini edirdilər. Bütün bu hallara son qoyulub və yeni iğtişaş törətmək istəyənlər ordudan qovulanlardır. Onlar xarici qüvvələrlə birgə işləyir və onların köməyinə arxalanırlar", - Prezident Saakaşvili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti