...

Pul - Vaşinqtonun İslamabada əsas təzyiq vasitəsidir – ekspertlər

Siyasət Materials 8 May 2009 08:50 (UTC +04:00)
Pul - Vaşinqtonun İslamabada əsas təzyiq vasitəsidir – ekspertlər

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir D.İbrahimova /

Birləşmiş Ştatlar Pakistanın taliblərlə daha fəal mübarizə aparması üçün ona müxtəlif təzyiqlər göstərə bilər, lakin Vaşinqtonun İslamabada əsas təzyiq vasitəsi maliyyə olacaq.

"ABŞ-ın təzyiqləri müxtəlif formalarda tətbiq edilə bilər, həm siyasi, həm də iqtisadi formada", - deyə Trend -a Pakistan üzrə amerikalı ekspert Aişa Cəlal bildirib.

Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk çərşənbə günü bildirib ki, ABŞ Pakistanın taliblərə qarşı mübarizə aparması üçün ona böyük təzyiq göstərməlidir.

"Biz pakistanlı dostlarımıza onların taliblərə qarşı mübarizədə bizə qoşulmaları üçün daha güclü təzyiq göstərməliyik", - deyə Holbruk Konqresin çərşənbə günü keçirilən dinləmələrində bildirib. Həmin gün Pakistan, Əfqanıstan və Birləşmiş Ştatların prezidentləri arasında görüş keçirilib.

"Taliban" hərəkatı Pakistan ərazisində İslam dövlətinin yaradılması və 2001-ci ildə Əfqanıstan ərazisində olan xarici qoşunların buradan çıxarılması uğrunda mübarizə aparır. Taliblərin törətdikləri partlayışlar nəticəsində təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Hərəkat üzvləri 2008-ci ilin aprelində Əfqanıstan Prezidentinə qarşı sui-qəsd həyata keçiriblər.

Senlis Şurası - Beynəlxalq Analitika Mərkəzinin (London) məlumatlarına görə, 2007-ci ildə taliblərin hərbi fəaliyyəti Əfqanıstan ərazisinin 54  faizində qeydə alınıb. Taliblərin əsas hissəsi Pakistanda, Şimal-Qərb sərhəd əyalətindəki "müstəqil tayfalar" zonasında  (FATA) və Əfqanıstanda qərarlaşıb.

ABŞ-ın rəsmi şəxsləri dəfələrlə qeyd ediblər ki, Pakistan hökuməti taliblərlə kifayət qədər mübarizə aparmır.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun İslamabada əsas təzyiq vasitəsi maliyyə məsələsidir.

Pakistanlı politoloq Abdulhey Ənis telefonla Trend -a bildirib ki, ABŞ Pakistana maliyyə təsiri göstərə bilər. Hazırda ABŞ Pakistana ildə ən azı milyard yarım dollar verir. Ənis hesab edir ki, ABŞ Pakistana təsir etmək üçün bu yardımı azalda və ya ümumiyyətlə dayandıra bilər.

Son beş ildə Vaşinqton İslamabada 12 mlrd. dollar həcmində maliyyə yardımı göstərib.

Pakistan üzrə ingiltərəli ekspert Şon Qreqori də hesab edir ki, ABŞ Pakistana maliyyə təzyiqi göstərə bilər. "Birləşmiş Ştatlar Pakistana hərbi və mülki yardım göstərir", - deyə Trend -a telefonla beynəlxalq təhlükəsizlik üzrə professor, Böyük Britaniyanın Bredford Universiteti nəzdində Pakistanın öyrənilməsi üzrə Tədqiqat Mərkəzinin direktoru Qreqori bildirib.

Qreqorinin sözlərinə görə, amerikalılar ordu və idarələrarası kəşfiyyat daxil olmaqla Pakistana yardımı davam etdirməyi planlaşdırdığına açıq aydın işarə ediblər, lakin ABŞ bunun nəticələrini görmək istəyir. O bildirib ki, ABŞ Pakistan hökuməti ilə taliblər arasında sülh sövdələşmələrini görmək istəmir, onlar hökumətin talibləri tutduqları regionlardan çıxarmasını istəyir.

Cənubi Asiya üzrə amerikalı ekspert Filipp Oldenburqun fikrincə, ABŞ Pakistana məhdud təzyiq göstərə bilər.

"ABŞ-da (Pakistana) hərbi və iqtisadi yardımları məhdudlaşdırmağa cəhd göstərə bilərlər, lakin yekunda, ABŞ İslamabadı dəstəkləməyi davam etdirəcək, çünki onlarla əməkdaşlıq əvvəllər də olduğu kimi Əfqanıstana tədarüklər üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Trend -a elektron poçtla Kolunbiya Universiteti nəzdində Cənubi Asiya İnstitutunun tədqiqatçsı Oldenburq bildirib.

Əfqanıstandakı NATO kontingenti və ABŞ qoşunları üçün tədarüklərin əsas hissəsi Pakistan vasitəsilə həyata keçirilir. Qırğızıstanda "Manas" aviabazasının bağlanmasından sonra hava ilə tədarüklərin reallaşdırılması çətinləşib və Əfqanıstana hərbi tədarüklərin yeganə yolu Pakistandandır.

Pakistan üzrə amerikalı ekspert Cəlalın rəyinə görə, ölkənin əsas məqsədi Svat regionunda mövqe tutmaq və onu saxlamaqdan ibarətdir. "Vaşinqtonun son vaxtlar Pakistanın Svat regionunda "Taliban" ilə mübarizədə böyük fəallıq göstərdiyini etiraf etməsinə baxmayaraq, bu rayonda hərbi əməliyyatların sonunda taliblərin qayıtmasının şahidi olacağından narahatdır", - deyə Trend -a telefonla Tafts Universitetinin professoru, Cənubi Asiyanın öyrənilməsi üzrə proqramın direktoru Cəlal bildirib.

Pakistan Prezidenti Asif Zərdari qanun layihəsi imzalayıb. Layihəyə əsasən, Svat vadisinin də aid olduğu altı şimal-qərb rayonuna daxil olan Malakənd əyalətində şəriət qanunları tətbiq edilib.

Şəriət qanunlarının bu əyalətdə hərbi əməliyyatların dayandırılmasına cavab olaraq tətbiq edilməsinə dair vəd taliblərə 2008-ci ilin fevral ayında verilib. Lakin qanun layihəsi apreldə imzalanıb, çünki Zərdarini dəstəkləyən Qərb dövlətləri bu tipli sövdələşməyə qarşı çıxırdılar.

Bu qanun layihəsinin imzalanmasından bir həftə sonra taliblər İslamabadın 100 kilometrliyində yerləşən Bunir rayonunu tutdular. Pakistan qoşunları talibləri bu regiondan çıxardı və onların düşərgəsinə hücum etdi.

Cəlal bildirib ki, Pakistan hökumətinin bu vilayətə rəhbərlik etməyə dair üzərinə öhdəlik götürməsi olduqca vacibdir. "Hökumət təkcə qeyri-sabit rayonlarda dincliyi bərqərar etməli deyil, mülki əhaliyə, xüsusilə də hərbi əməliyyatlar nəticəsində köçürülən şəxslərə bir sıra sosial xidmətlər göstərməlidir", - deyə ekspert bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti