...

Türkiyə-Azərbaycan münasibətləri bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək – Baş nazir

Siyasət Materials 13 May 2009 14:32 (UTC +04:00)
Türkiyə-Azərbaycan münasibətləri bundan  sonra da müsbət istiqamətdə inkişaf edəcək – Baş nazir

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva /

Türkiyə-Azərbaycan münasibətləri bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək, çərşənbə günü Bakıda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hökumət nümayəndələri ilə geniş tərkibdə görüşdə bildirib, məlumatı Türkiyənin TRT2 televiziya kanalı yayıb.

"Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasına heç bir zaman imkan vermədik və bundan sonra da buna imkan verməyəcəyik", - deyə Türkiyənin Baş naziri bildirib.

Baş nazir deyib ki, birgə səylərlə iki ölkə arasında olan əlaqələrin bundan sonra da inkişafına çalışılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Bakıda təkbətək görüşü olub, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.  

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib. Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir.

Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində çərşənbə günü ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Türkiyə Baş naziri Ərdoğanın Azərbaycan parlamentində çıxışı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti