Azərbaycan, Bakı, 19 may / Trend , müxbir D.Xatınoğlu /
Tren News-un Fars redaksiyasının Əfqanıstanda keçiriləcək növbəti prezident seçkilərində müstəqil namizəd, Milli Konqres Partiyasının sədri Müavini Bəşir Bijən ilə eksklüziv müsahibəsi
- Hazırda Əfqanıstan xalqının əsas problemi nədir və sizin platformanızda əsas prioritet məsələ nədən ibarətdir?
- Məncə, əsas problem yoxsulluqdur. Xalq hər gün daha da yoxsullaşır və ölkədə bütün fəlakətlər bu problemlə bağlıdır. Xalq tələb edir ki, gələcəkdə yoxsulluğun aradan qaldırılması üçün lazimi tədbirlər həyata keçirilsin. Mən öz platformamda əsas prioritet yeri bu problemin həllinə vermişəm.
- İndiyədək Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa ölkələri və ABŞ Əfqanıstana milyardlarla dollar həcmində maliyyə yardımı edib, hazırda rəsmi və qeyri-hökumət təşkilatları bu ölkədə geniş şəkildə fəaliyyət göstərir. Bəs nə üçün yoxsulluğun aradan qaldırılmasında irəliləyiş müşahidə olunmur?
- İlk öncə bunu deyim ki, mən belə düşünmürəm ki, xarici qüvvələrin strateji məqsədi Əfqanıstanın inkişafına yönəlib. 2001-ci ildən indiyədək süpergüclərin, xüsusilə də ABŞ-ın Əfqanıstandakı siyasəti ölkədə sabitsizliyin və yoxsulluğun artırmasına yönəlib, nəticə buna nail olunub - ölkədə sabitlik yoxdur. Xarici iqtisadi şirkətlər də öz öhdəliklərinə əməl etməyiblər. Təxminən 30 milyon əhalisi olan Əfqanıstana daxil olan maliyyə vəsaitinin həcminə baxsaq görərik ki, ölkənin inkişafında böyük addımlar atıla bilərdi, lakin faktiki olaraq heç bir iş görülməyib. Asiya İnkişaf və Dünya banklarının ölkəyə ayırdığı vəsait də onların Əfqanıstandakı nümayəndələrinə və hakimiyyətdə olan korrupsionerlərə çatıb. Xalq bu yardımlardan yararlana bilməyib.
- Ölkədə sabitsizliyin yaranmasında günahlandırılan Talibanla bağlı hansı siyasəti həyata keçirməyi planlaşdırırsınız?
- İlk növbədə, Taliban üsyanının səbəbləri araşdırılmalıdır. Onlar və digər üsyançıların əksəriyyəti hakimiyyətdən narazı olduqları üçün və xarici qüvvələrin kobudluğundan bezib silahlı mübarizə edirlər. Xarici qüvvələrin mülki şəxslərlə təhqiramiz davranışları, hərbi əməliyyatlarda mülki şəxslərin həlak olması və digər amillər üsyanlara səbəb olub. Mən belə düşünürəm ki, onların əksəriyyətini silahsızlaşdırmaq mümkündür. Sülhə hazır olan əksər Taliban üzvlərini hakimiyyətdə və siyasətdə əməkdaşlığa çağırmaq yeganə həll yoludur. Onların parlamentdə nümayəndəsi olmalı, şəhərlərdə mer, idarə rəhbərləri vəzifələrini tutmalı, hətta nazir vəzifəsində də nümayəndələri olmalıdır. Bir sıra məsələlər üzrə də onlarla dialoq aparılmalıdır. Xüsusilə də NATO və xarici qüvvələrin ölkədə fəaliyyətini yenidən nəzərdən keçirmək lazımdır. Talibanın bəzi üzvləri var ki, "Əlqaidə" ilə əlaqədədirlər, onlarla silahlı mübarizə etmək və məhv etmək lazımdır.
- Ölkədə növbəti prezident seçkilərinə iki ay qalır. Seçkilərin demokratik keçiriləcəyinə nə dərəcədə ümid edirsiniz?
- Keçən prezident seçkiləri (2004-cü il) tamamilə qeyri-şəffaf keçirildi. Son parlament seçkilərində də bir çox saxtakarlıq faktları aşkar olundu, lakin bir çox beynəlxalq müşahidəçilər buna göz yumdu. Mən ümid etmirəm ki, seçkilər tam demokratik keçəcək. Birincisi, hakimiyyətdə olan qüvvələr bütün imkanlardan və vasitələrdən istifadə edərək fəal şəkildə prezident Kərzainin seçki kampaniyasını həyata keçirilər, digər namizədlərin belə imkanları yoxdur. Digər tərəfdən, qanunda olan nöqsanlar problem yaradır. Məsələn, mən Seçki Komissiyasına birinci müavinim kimi buddist bir qadını təqdim etdim, lakin səlahiyyətini təsdiq etmədilər. Qanunda etniklərlə bağlı 15-dən çox maddə var, lakin Konstitusiyanın 62-ci maddəsində qeyd olunub ki, yüksək vəzifəli nazir, prezident və b. mütləq müsəlman olmalıdır, bu isə beynəlxalq insan haqları prinsipinə ziddir. Beynəlxalq müşahidəçilər və insan haqlarını müdafiə edən təşkilatlar növbəti prezident seçkilərində çox ciddi və tərəfsiz şəkildə öz missiyalarını həyata keçirməlidirlər, əks təqdirdə, seçkilərin azad keçirilməsinə ümid yoxdur.