...

Gürcüstan və Azərbaycan tərəfindən birgə reallaşdırılan layihələr region üçün çox mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

Siyasət Materials 21 May 2009 11:01 (UTC +04:00)

Gürcüstan və Azərbaycan tərəfindən birgə reallaşdırılan layihələr region üçün çox mühüm əhəmiyyət kəsb edir, daha geniş mənada isə beynəlxalq münasibətlərə müsbət təsir göstərir. Bu barədə cümə axşamı Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə birgə mətbuat üçün bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Xəbəri AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Gürcüstan və Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həmişə böyük diqqət ayırıb. Bizim birgə səylərimiz sayəsində bu gün bölgədə tamamilə yeni vəziyyət yaranıb. Əlbəttə, çox vacibdir ki, əldə edilmiş bu uğurlarla kifayətlənməyək, gələcəkdə daha önəmli və böyük layihələri birlikdə icra edək", - deyə İlham Əliyev bildirib. "Bu gün eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Bu yaxınlarda "Cənub dəhlizi" ilə əlaqədar keçirilmiş tədbirdə sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik", - dövlət başçısı əlavə edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq da uğurla davam edir.

"Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Bu gün həmçinin bu layihənin gələcək icrası haqqında geniş fikir mübadiləsi apardıq və müvafiq göstərişlər verdik", - deyə Prezident vurğulayıb.

"Azərbaycan və Gürcüstan ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birini müdafiə edir, bir-birini dəstəkləyir və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcək", - İlham Əliyev deyib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətləri bölgədə çox böyük əhəmiyyətə malikdir.

"Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır. Mən apardığımız danışıqların mahiyyəti haqqında fikirlərimi söyləmişəm. Hesab edirəm ki, bu danışıqlar və gələcək birgə fəaliyyət ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır", - deyə deyə Prezident İlham Əldiyev bildirib.

Xəbər lenti

Xəbər lenti