...

Azərbaycan Prezidentinin Göygöl rayonuna səfəri başlayıb

Siyasət Materials 25 May 2009 16:57 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Göygöl rayonuna gəlib, bazar ertəsi AzərTAc dövlət agentliyi məlumat yayıb.

Son illər rayonda geniş abadlıq-quruculuq işləri aparılıb. 2008-ci ildə rayon üzrə əsas kapitala 34 milyon 156 min manat investisiya qoyulub ki, bunun da 32 milyon 610 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Ötən il sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 25,2 faiz artıb. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 9,9 faiz artaraq 15 milyon 558,8 min manat olub.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında salınmış parkın sahəsi 3 hektara yaxındır. Ərazinin 2 hektardan çox hissəsində yaşıllıq zolağı salınıb, müxtəlif dekorativ kollar və ağaclar əkilib. Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə olunub.

Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri olan parkda oturacaqlar qoyulub, müxtəlif ölçülərdə 4 fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb.

Mayın 25-də Göygöl rayon mərkəzində mədəniyyət və istirahət parkının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Əsaslı təmirinə bu il başlanılan parkın ərazisi 3 hektardır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Müxtəlif mərasimlərin, konsertlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutumu olan açıq Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərir.
Bundan başqa, parkın ərazisində 200 kvadratmetr sahəsi olan idman meydançası, uşaqlar üçün xüsusi atraksionlar quraşdırılmış əyləncə meydançası da var.
Parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınıb, 2 mindən çox bəzək kolu və ağac əkilib, kənardan xüsusi münbit torpaq gətirilib. Yaşıllıq sahəsini suvarmaq məqsədi ilə hər bir xiyabana ayrıca su xətti çəkilib, parkda müasir işıqlandırma sistemi quraşdırılıb, 250 dekorativ işıq dirəyi qoyulub.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti