...

Azərbaycan Parlamenti "Polis haqqında" Qanuna əlavə və dəyişiklikləri qəbul edib

Siyasət Materials 26 May 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bаkı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında "Polis haqqında" Qanuna əlavə və dəyişikliklər qəbul olunub.

Trend -un məlumatına görə, qanunun 10-cu maddəsinə edilən dəyişiklikdə polisin vəzifələrinin yerinə yetirilməsində dövlət və yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı nəzərdə tutulur.

"Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları polisə öz vəzifələrinin yerinə yetirilməsində kömək göstərməlidirlər. Hər bir şəxs polisə öz vəzifəsini yerinə yetirməkdə kömək göstərə bilər, polis üzərinə düşən vəzifələrini yerinə yetirmək üçün heç kəsi əməkdaşlığa məcbur edə bilməz", - layihədə bildirilir.

Sənəddə qeyd edilir ki, hazırlanan, törədilən və ya törədilmiş cinayət barəsində xəbəri olan hər bir şəxs polisə məlumat verməlidir.

"Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda bu məlumatların verilməməsi cinayət məsuliyyətinə səbəb olur. Polis əməkdaşı olmayan dövlət hakimiyyəti orqanlarının əməkdaşları Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edildikdə bu sahədə polisin vəzifələri onların da üzərinə qoyulur. Belə olduğu halda polis əməkdaşları üçün nəzərdə tutulan hüquqi, maddi və sosial təminatlar onlara da şamil edilir", - dəyişiklikdə nəzərdə tutulub.

Qanuna edilən dəyişikliyə görə, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi işinə cəlb edilə bilərlər. "Asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuraları yarana bilər", - dəyişikliyə əlavə olunub.

İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət hüquqa zidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın və alkoqolizmin, həmçinin yetkin yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədi ilə zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətlərində həyata keçiriləcək. "İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər cəlb edilə bilməzlər", - dəyişiklikdə nəzərdə tutulub.

"Polis haqqında" Qanuna edilən əlavəyə görə, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilərlər. "İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarından da ictimai şuralar yaradıla bilər", - əlavədə bildirilir.

Digər bir əlavədə ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətin istiqamətləri nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti