...

Azərbaycan sahibkarlarından hədə-qorxu ilə pul tələb edən reket jurnalistlər zərərsizləşdirilib

Siyasət Materials 29 İyun 2009 10:46 (UTC +04:00)
Azərbaycan sahibkarlarından hədə-qorxu ilə pul tələb edən reket jurnalistlər zərərsizləşdirilib

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Quba rayon sakinləri olan iş adamları Bəxtiyar Məmmədov, Rüfət Qurbanov, Zəfa Məsimov, İsgəndər Hüseynov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.   

DİN-in mətbuat xidmətindən bazaar ertəsi Trend -a bildiriblər ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, özlərini jurnalist kimi təqdim edən Şahlar Vəliyev, Eldar Əsgərov, Səyyad Əsgərov və                     Nüşabə Qasımova qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rayon ərazisində yerləşən yuxarıda adları çəkilən şəxslərə məxsus "Qübbə", "Ramin", "Qoşa çinar", "Əfsanə" və "Rüstəm" kafelərinin fəaliyyətləri ilə əlaqədar rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə onların hər birindən 1.000 manat tələb ediblər.

Baş İdarəyə dəvət olunmuş Şahlar Vəliyev və Eldar Əsgərov öz izahatlarında törətdikləri əməlləri etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini Şahlar Vəliyev "Yeni Azərbaycan Dünyası", Şirvan şəhər sakini Eldar Əsgərov isə "Günəşli Azərbaycan" və "Qanun və gerçəklik" qəzetlərinin baş redaktorları kimi jurnalist adına yaraşmayan, ona ləkə gətirən fəaliyyətlə məşğul olub, ayrı-ayrı vətəndaşlardan və iş adamlarından müxtəlif vaxtlarda hədə-qorxu ilə pul tələb ediblər.  

Toplanmış materiallara əsasən, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Adları qeyd edilən şəxslərin əməllərindən zərər çəkmiş vətəndaşlardan 496-39-13 nömrəli telefonla DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə zəng vurub məlumat vermələri xahiş edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti