...

Azərbaycanın müxalifət partiyasının gənc üzvlərinə Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə icazə verilməyib

Siyasət Materials 3 İyul 2009 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir C.Babayeva /

Bakı Şəhər İcra Hakimiyyəti cümə günü müxalif Müsavat Partiyasının Gənclər Təşkilatına iyulun 6-da Təhsil Nazirliyinin qarşısında piket keçirməyə icazə verməyib.

"Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilib ki, Təhsil Nazirliyinin yerləşdiyi binanın qarşısındakı ərazi yalnız nəqliyyatın hərəkət etməsi üçün nəzərdə tutulduğundan piketin həmin ərazidə keçirilməsi mümkün deyil. Etiraz aksiyasının "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda keçirilməsi təklif olunub", - cümə günü Trend -a Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib.

Trend -un arayışı: Azərbaycanın bütün orta ümumtəhsil məktəblərində buraxılış imtahanları iyunun 3-dən 16-dək səkkiz fənn üzrə keçirilib. İmtahanlarda 99630 şagird iştirak edib.  

Buraxılış imtahanlarından 19770 nəfər şagird attestat ala bilməyib. Təhsil naziri Misir Mərdanovun jurnalistlərə bildirdiyinə görə, qeyri-kafi qiymət almış şagirdlər üçün təkrar buraxılış imtahanı keçirilməyəcək.

Müsavatçı gənclər Təhsil Nazirliyi qarşısında "Şəffaf imtahan!", "Korrupsiyasız təhsil!" və "Rüşvət tələsinə son qoyulsun!" şüarları altında piket keçirmək niyyətində idilər. Aksiyada məqsəd Azərbaycanın orta məktəblərində keçirilmiş buraxılış imtahanlarının korrupsiya faktları və pozğunluqla müşayiət edilməsinə etiraz etmək idi.  

Abbaslının sözlərinə görə, orta məktəbdə keçirilmiş buraxılış imtahanlarının nəticələrindən narazı qalan şagird və valideynlərin "Bibiheybət" stadionunda etiraz aksiyası keçirməsi məntiqə uyğun deyil. "Təhsil Nazirliyinə etiraz yalnız onun qarşısında bildirilə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu etiraz aksiyası keçirmək istəyimizə rədd cavabı kimi qiymətləndiririk", - Gənclər Təşkilatının sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti