...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri növbəti səfərlərdən birində Şuşaya və Xankəndinə gedəcəyini istisna etmir

Siyasət Materials 7 İyul 2009 09:05 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri növbəti səfərlərdən birində Şuşaya və Xankəndinə gedəcəyini istisna etmir

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir A.Hüseynbala / 

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri növbəti səfərlərdən birində Şuşaya və Xankəndinə gedəcəyini istisna etmir.

"Ötən həftə Azərbaycandan Dağlıq Qarabağa gedən qrupun tərkibində də bizim icmanın nümayəndəsi təmsil olunurdu", - bazar ertəsi Trend -a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.

Trend -un arayışı: Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun və qondarma "Dağlıq Qarabağ Respublikası prezidenti" Bako Saakyanın görüşü keçirilib.

Xankəndinə gələn nümayəndə heyətinin tərkibində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Azərbaycan nümayəndə heyəti daha sonra Ermənistana gedib və orada Prezident Serj Sarkisyanla da görüşüb.

Günün sonunda Azərbaycan və Ermənistan nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

28 iyun 2007-ci ildə iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub.

Səfərovun sözlərinə görə, həmsədrlərin bu həftə Azərbaycana səfəri zamanı icma rəhbərliyinin vasitəçilərlə görüşünun baş tutmasına çalışacaqlar.

"Qurultaydan sonra icma yeni formalaşıb və beynəlxalq təışkilatlarla görüşlərimiz hələ ki, tanışlıq xarakteri daşıyır. ATƏT-in fəaliyyətdə olan sədrinin ötən həftə Azərbaycana səfəri zamanı onunla görüşümüzün gələcək fəaliyyətimiz üçün də faydalı olacağını düşünürəm", - icma rəhbəri əlavə edib.
 
Səfərov deyib ki, icmaya yeni yer verilib. "Ancaq oranın təmirinə ehtiyac var. "Yerimiz olandan sonra fəaliyyətimiz daha da güclənəcək. Biz çalışacağıq ki, Dağlıq Qarabağın bütün azərbaycanlı əhalisinin maraqlarına cavab verəcək fəaliyyət göstərək", - icma rəhbəri vurğulayıb.   

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti