NATO-nun yeni strateji konsepsiyasının qəbulu 2010-cu ilə planlaşdırılırı. Bu barədə RİA Novosti Şimali Atlantika alyansının qərargahındakı mənbəyə istinadən bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə əsasən, NATO-nun 1999-cu ildə qəbul edilmiş əvvəlki konsepsiyasını əvəzləyəcək yeni strategiya konsepsiyası gözlənildiyi kimi, piratçılıq və enerji daşıyıcıları tədarükünün dayandırılması kimi yeni təhlükələri nəzərə alacaq.
NATO-nun yeni baş katibi danimarkalı Anders Foq Rasmussenin əvvəlcədən bildirdiyi kimi, sənədin işlənib hazırlanması "açıq konsultasiyalar", həmçinin alyansın internet saytı vasitəsilə həyata keçiriləcək.
NATO-nun yeni strateji konsepsiyası üzrə işlərin istiqamətləndirilməsi NATO-nun ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın və "Royal Dutch Shell" şirkətinin keçmiş rəhbəri Yerun van der Veerin başçılıq etdiyi "müdriklər qrupu"na tapşırılıb.