Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir Y.Оstapenko /
"Çexiya Senatının sədri Prşemısl Sobotkanın Azərbaycana gözlənilən səfəri çərçivəsində biznes-forumun keçirilməsi gözlənilir", - Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə məlumat verib.
"İkinci azəri-çex biznes forumunun keçirilməsini planlaşdırırıq", - Tağızadə Trend -a Praqadan telefonla deyib.
Sobotkanın Bakıya səfəri sentyabrın 23-də - Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin açılmasından əvvəl gözlənilir. Səfirlik oktyabrda açılacaq.
Birinci azəri-çex biznes forumu ötən ilin iyulunda, o zaman Çexiyanın xarici işlər naziri olan Karel Şvarsenberqin Azərbaycana səfəri zamanı keçirilib.
Səfirin sözlərinə görə, Sobotkanın həmkarı - Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.
"Sobotkanın Bakı Slavyan Universitetində tələbələrlə görüşü, həmçinin Azərbaycanda Çexiya mədəniyyəti günləri çərçivəsində konsertin baş tutması gözlənilir", - Tağızadə bildirib.
"Çexiya səfirliyinin oktyabrda açılmasından sonra - gələn ilin yanvarında konsulluq şöbəsi də açılacaq", - səfir qeyd edib.
"Artıq yanvardan hamı viza əldə edə biləcək", - o bildirib.
May ayında Praqada Respublika Günü ilə bağlı çıxış edərkən Sobotka Azərbaycan və Çexiya arasında tərəfdaşlığın vacibliyini vurğulayıb.
"Azərbaycan və Çexiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Çexiya üçün mühüm əhəmiyyət daşıyır", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]