...

Azərbaycanda avtomobillərdə yüksək səsli siqnalların yığışdırılmasına dair təkliflər planı hazırlanıb

Siyasət Materials 24 Avqust 2009 13:44 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərdə çoxavazlı və yüksək səsli səs siqnallarının quraşdırılması və belə avtomobil sahibləri ilə mübarizə məqsədilə təkliflər planı hazırlayıb.
Azərbaycanda avtomobillərdə yüksək səsli siqnalların yığışdırılmasına dair təkliflər planı hazırlanıb

Azərbaycan, Bakı, 24 avqust / Trend , muxbir K.Zərbaleyeva / 

Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərdə çoxavazlı və yüksək səsli  siqnallarının quraşdırılması və belə avtomobil sahibləri ilə mübarizə məqsədilə təkliflər paketi hazırlayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend -a bildirib ki, son vaxtlar şəxsi avtomobillərdə qadağan olunmuş səs siqnallarından istifadə halları artıb və bu da əhalinin ciddi narazılığına səbəb olub. Məcidov yol polisinin problemlə mübarizədə qanunla müəyyən edilmiş tədbirləri həyata keçirdiyini, lakin bu tədbirlərin səmərəli olmadığını vurğulayıb və qeyd edib ki, problemin həlli məqsədilə müvafiq təkliflər paketi hazırlanaraq aidiyyatı qurumlara təqim olunub.

Trend New-un arayışı: Bu ilin 6 ayında BDYPİ tərəfindən çoxazalı və yüksək səsli səs siqnallarından istifadə edən 2000-dən artıq sürücü saxlanılıb.
Həmin avtomobillər yol hərəkətindən kənarlaşdırılıb, səs siqnalları müsadirə edilib, sürücülər barəsində protokol tərtib edilib və inzibati qaydada cəzalandırılıblar. İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsi (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) belə sürücülərə qarşı inzibati məsuliyyət nəzərdə tutur. Həmin maddənin 2.4-cü bəndi bu pozuntuya görə 20 manatdan 30 manatadək cərimə nəzərdə tutur.

Təkliflərin açıqlanmasını məqsədəmüvafiq hesab etməyən şöbə rəisi bildirib ki, hazırda həmin təkliflər müzakirə olunur. İdarənin rəsmisi məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyinə əmin olduğunu deyib.

Məcidov bildirib ki, bu hal ötən illərlə müqayisədə xeyli artır.  "Qeyd olunan pozuntuya görə, dəfələrlə inzibati məsulliyyətə cəlb olunan sürücülər var. Lakin onlara qarşı tətbiq olunan cəza tədbirləri effektli nəticə vermir", - şöbə rəisi əlavə edib.

Şöbə rəisi bildirib ki, həmin səs siqnalları ölkəyə xaricdən gətirilir. "Problemin kökünün kəsilməsi üçün həmin siqnalların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Müvafiq qurumlar həmin siqnalların ölkəyə keçirilməsi ilə ciddi mübarizə aparmalıdır. Biz avtomobillərdə olan həmin siqnalları müsadirə edirik. Lakin həmin siqnallar mağazalarda sərbəst şəkildə satılır. İstənilən profilaktoriyada qadağan olunmuş siqnalları quraşdırmaq mümkündür. Buna nəzarət isə bizim səlahiyyətimizdən kənardır", - deyə Məcidov vurğulayıb.

Ekspert Mahmud Hacıyev isə Trend -a bildirib ki, paytaxtdakı xarici markalı avtomobillərin 90 faizində qadağan olunmuş, müxtəlif heyvan, silah və s. səslər çıxaran siqnallar var.

"Bu səslər insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir. Həmin hərəkət isə bilərəkdən, qəsdən edilir. Həmin siqnallardan istifadə olunması inzibati pozuntu olmaqla bərabər, xuliqanlıq cinayətinin də tərkibini yaradır", - ekspert bildirib.

Onun sözlərinə görə, yol polisi bu problemlə ciddi mübarizə aparmır və problemə laqeyd yanaşır. Xarici ölkələrin təcrübəsinə istinad edən ekspert deyir ki, həmin ölkələrdə bu siqnallardan istifadə edən sürücülər çox böyük məbləğdə cərimələnirlər.

"Bu məbləğ o qədər çox olur ki, hətta sürücülər avtomobillərini satmaq məcburiyyətində qalırlar", - Hacıyev vurğulayıb.

Hacıyev hesab edir ki, paytaxtda qadağan olunmuş səs siqnallarını çox qısa müddətdə yığışdırmaq mümkündür. "Bütün avtomobillərə baxış keçirməklə qadağan olunmuş siqnalları yığışdırmaq mümkündür. Sadəcə, bunu etmək üçün göstəriş verilməlidir. Həmçinin maarifləndirmə işləri aparılmalı, Səhiyyə Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq kütləvi informasiya vasitələrində bu məsələ ilə əlaqədar çıxışlar etməlidirlər", - deyə Hacıyev bildirib.


Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti