Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Parlamenti Aparatının rəhbəri eks-prezidentlərlə bağlı qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılmasını istisna etmir.
"Bu layihə üzərində iş gedir, əgər ilin sonuna qədər layihə hazır olarsa, parlamentin payız sessiyasında müzakirəyə təqdim ediləcək. Qanun qəbul olunsa belə, status məsələsi Azərbaycanın keçmiş üç prezidentinin hamısına şamil edilməyə bilər. Hazırda onlardan biri barəsində cinayət işi qaldırılıb və axtarışdadır. Bu məsələ həll olunmayana qədər onun status alması mümkün deyil" - Trend -un məlumatına görə, bazar ertəsi jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.
Azərbaycanın müxalifət partiyasının başqanı, millət vəkili Fazil Mustafa bir müddət əvvəl "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclis Aparatına təqdim edib.
Mirzəyevin fikrincə, eks-prezident Ayaz Mütəllibovun üzərindən ittihamlar götürülməsə, qanunda nəzərdə tutulan statusun ona şamil edilməsi Azərbaycan qanunvericiliyi ilə qeyri-mümkündür. "İttiham altında olan şəxsə status şamil edilə bilməz", - o vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]