Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu ilin 9 ayı ərzində 35 yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Bu barədə Trend -a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov məlumat verib.
Məcidov bildirib ki, həmin əməkdaşlar xidmət zamanı vətəndaşlara qarşı yol verdikləri pozuntulara görə, məsuliyyətə cəlb olunub. Cəzalandırılan əməkdaşlardan 3-nün iş yeri dəyişdirilib, 3 əməkdaş isə daxili işlər orqanlarından xaric edilib.
Şöbə rəisi bildirib ki, "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanuna uyğun olaraq BDYPİ-də vətəndaşların müraciətlərinə baxılması üzrə komissiya yaradılıb.
Məcidovun sözlərinə görə, qanunun tələblərinə müvafiq olaraq idarədə hər rübün sonunda vətəndaşların müraciətlərinə baxılması ilə bağlı araşdırma və təhlillər aparılır və nəticələr DİN-in və idarənin rəhbərliyinə məruzə olunur.
İdarə rəsmisinin sözlərinə görə, cari ilin 9 ayında komissiyaya 3 mindən çox müraciət daxil olub.
"Amma bu müraciətlərin hamısı şikayət xarakterli deyil. Onlar sırasında sorğu xarakterli, ya da köməklik göstərilməsi ilə bağlı müraciətlər də var. Müraciətlərin 43-44 faizi şikayət xarakterlidir", - deyə şöbə rəisi vurğulayıb.
Məcidov deyib ki, bəzən vətəndaşlar yol polisi əməkdaşlarından şikayətləri Nazirlər Kabinetinə, DİN-ə, yaxud da Prezident Aparatına edirlər.
"Qanunun tələblərinə görə, vətəndaşlar əməkdaşın işlədiyi orqanın rəhbərliyinə müraciət etməlidirlər. Əgər həmin müraciət obyektiv araşdırılmırsa, yaxud nəticə vətəndaşı qane etmirsə, bu halda yuxarı instansiyaya müraciət etmək lazımdır", - şöbə rəisi deyib.
İdarə rəsmisinin sözlərinə görə, şikayətlərin 30-35 faizi yol polisi əməkdaşlarının sürücülərdən pul istəmələri ilə bağlıdır.
"Vətəndaşlar şikayət edir ki, yol polisi əməkdaşı onları saxlayır və pul istəyir. Pul vermədikləri üçün protokol yazırlar. Araşdırma zamanı məlum olur ki, vətəndaş hansısa qaydanı pozur və yol polisi həmin pozuntuya görə yerində cərimə ödənilməsini tələb edir. Vətəndaş isə pulu olmadığı üçün cəriməni ödəməyib və həmin pozuntu yol polisi əməkdaşı tərəfindən sənədləşdirilir, protokol yazılır və sürücülük vəsiqəsi alınır. Vətəndaş da yol polisinin bu qanuni hərəkətindən yuxarı instansiyalara şikayət edir", -deyə Məcidov bildirib.
Şikayətlərin bir qrupu isə radarlarla bağlıdır. Belə ki, radara düşmüş avtomobilin sürücüsü yerindəcə çəkilən şəkili tələb edir. "Amma həmin şəkili bəzi hallarda sürücünün istədiyi vaxtda vermək olmur. Çəkilən şəkil sürücünün dediyi vaxt verilməyəndə şikayət edirlər", - BDYPİ rəsmisi vurğulayıb.
Bəzən sürücülüər yol polisi əməkdaşlarının da qaydalara riayət etməməsindən, sürücülərə müraciət edərkən kobud ifadələr işlətməsindən, avtomobil idarə edərkən telefonla danışmalarından, sayrışan işıqlardan, səs siqnallarından istifadə etmədən ötmə, dönmə qaydalarını pozmalarından şikayətçi olur. Bununla bağlı Məcidov bildirib ki, yol polisi əməkdaşları tərəfindən patrul və qeyri-patrul avtomobillərinin qaydaları pozulması baş idarə tərəfindən ciddi nəzarətdədir. O, belə hallara çox az hallarda rast gəlindiyini və belə hallar qeydə alındığı halda araşdırıldığını və pozuntutya yol verən əməkdaşlar barəsində ölçü götürüldüyünü deyib.
Şöbə rəisi qeyd edib ki, yol polisi əməkdaşı patrul avtomobilində qaydanı pozursa, digər hərəkət iştirakçısını məlumatlandırmalıdır və bu hərəkətləri qırmızı, göy sayrışan işıqlardan istifadə etməklə həyata keçirməlidir.
Məcidov yol polisi əməkdaşlarının avtomobili idarə edərkən mobil telefonla danışmalarının qanuni olduğunu deyir. "Patrul avtomibillərində radiostansiyalar quraşdırılıb. Radiostansiya vasitəsilə polis əməkdaşı məlumatlar alır və ötürür. Avtomobili idarə edə-edə radiostansiya ilə danışır. Efirdə sıxlıq yaratmamaq üçün bəzən telefonla da danışır. Radiostansiya ilə danışmağa icazə verildyi halda telefonla da danışmağa icazə verilir. Bunda qəbahət görməsinlər, bu, qanunun tələblərinə uyğundur", - Məcidov vurğulayıb.
Məcidov deyir ki, ola bilsin ki, yol polis əməkdaşları vətəndaşlarla kobud müraciət edirlər. "Amma əksər əməkdaşlar səsgücləndiricidən istifadə etdikdə bundan istifadə qaydalarına riayət edirlər", - şöbə rəisi vurğulayıb.
Şöbə rəisi bildirib ki, yol patrul xidmətinə avtomobil nəqliyyatının istismarı, yol hərəkətinin təşkili, digər ixtisaslar üzrə xüsusi təhsili olan, fiziki cəhətdən sağlam olan, boyu 1 metr 75 santimetrdən az olmayan şəxslər qəbul olunur.
Bu tələblərə cavab verən polis əməkdaşı müvafiq qaydada müsabiqədən keçdikdən və yol hərəkəti qaydalarından imtahan verdikdən sonra 6 aylıq kurslara cəlb olunur və yollarda polis əməkdaşı kimi fəaliyyət göstərirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]