Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir A..Hüseynbala/
Azərbaycanın müxalifət hərəkatının lideri Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə ilə Ermənistan sərhədlərinin açılmayacağı ilə bağlı Türkiyə rəsmilərinin bəyanatlarına inanır.
"Türkiyənin Prezidenti, Baş naziri, xarici işlər naziri, eləcə də Parlament sədri dəfələrlə bəyan ediblər ki, Ermənistan-Türkiyə sərhədləri Qarabağ məsələsi həll olunmayana qədər açılmayacaq", - çərşənbə günü Trend -a Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət bildirib.
Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır
Şövkətin fikrincə, hər bir siyasətçinin qiyməti sözünün qiymətinə bərabərdir. "Düşünürəm ki, Türkiyənin yüksək vəzifəli siyasətçiləri özlərinə və sözlərinə hörmət edirlər, onlar öz sözlərinin yiyəsidirlər", - hərəkat lideri əlavə edib.
Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması strateji məsələdir.
"Türkiyə ilk növbədə Avropa Birliyinə daxil olmaq niyyətindədir və sərhədlərin açılması şərt kimi irəli sürülüb. İkincisi, Türkiyə dünyada qondarma soyqırıma görə ağır ittihamlarla üzləşir və artıq 19 dövlət qondarma soyqırımı tanıyıb. Protokollarda bununla bağlı komissiyaların yaradılmasının öz əksini tapması Türkiyə üçün çox mühüm məsələdir", - Şövkət vurğulayıb.
Hərəkat lideri deyib ki, Cənubi Qafqazda təsirini artırmaq niyyəti də Türkiyə üçün strateji məsələdir.
"Bu regionda Rusiya hegemonluq edir. Belə məqamda Türkiyənin Cənubi Qafqaza daxil olması da ciddi məsələdir. Amma əsas məsələ Azərbaycanla bağlıdır. Türkiyə-Ermənistan sərhədləri məhz Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonra bağlanıb. Ona görə Azərbaycanın torpaqlarının 20 faizi işğal altında olduğu halda Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir", - müxalifət lideri qeyd edib.
Şövkətin fikrincə, milli maraqlarımıza zidd olan bu addımların qarşısının alınması üçün Azərbaycan müxalifəti iqtidarla birlikdə çevik siyasət aparmalıdır.
"Ona görə bayraq məsələsini kənara qoyub Türkiyə ilə birgə çevik siyasətimizə üstünlük verməliyik. Çünki protokolların ratifikasiyasına qədər çox şeyi dəyişdirmək mümkündür. Bu fürsətdən istifadə etməliyik, oyunlar artıq bitib, əsl siyasət başlayıb və Azərbaycanın bütün siyasətçiləri özlərini göstərməlidirlər", - hərəkat lideri əlavə edib.
Şövkətin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında bayraq söhbəti ola bilməz.
"Unutmayaq ki, bu gün yaşadığımız Bakını türk əsgərləri azad ediblər ", - hərəkat lideri bildirib.
Bursada Türkiyə ilə Ermənistan arasında keçirilən futbol oyunu zamanı Azərbaycan bayrağına edilən hörmətsizliyə gəldikdə, hərəkat lideri bu hadisədə rəsmi dairələrin maraqlı olduğuna inanmadığını deyib.
"Ona görə ki, Türkiyə Azərbaycan üçün ana bir dövlətdir, bir arxadır. Türkiyə ilə Azərbaycan həqiqətən də bir millətin iki dövlətidir. Əlbəttə, Bursada baş verən hadisə mənim də heysiyyatıma toxunub. Amma biz kiminsə səhfini təkrarlamalı deyilik. Biz böyüklüyümüzü, alicənablığımızı göstərməliyik", - Şövkət xatırladıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]