...

Əfqanıstan Administrasiyasının qeyri-effektiv fəaliyyəti xalqın taliblərə meyl etməsinə səbəb ola bilər - Aİ-nın Əfqanıstandakı səfiri

Siyasət Materials 27 Oktyabr 2009 09:02 (UTC +04:00)
Əfqanıstan Administrasiyasının qeyri-effektiv fəaliyyəti - əfqan xalqının onu dəstəkləməsi üçün stimilu olmayacaq - qiyama təkan verə bilər. Avropa İttifaqının Əfqanıstandakı xüsusi nümayəndəsi, səfir Ettore Françesko Sekui belə hesab edir.
Əfqanıstan Administrasiyasının qeyri-effektiv fəaliyyəti xalqın taliblərə meyl etməsinə səbəb ola bilər - Aİ-nın Əfqanıstandakı səfiri

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir Y.Ostapenko/

Əfqanıstan Administrasiyasının qeyri-effektiv fəaliyyəti - əfqan xalqının onu dəstəkləməsi üçün stimilu olmayacaq - qiyama təkan verə bilər. Avropa İttifaqının (Aİ) Əfqanıstandakı xüsusi nümayəndəsi, səfir Ettore Françesko Sekui belə hesab edir.

"Əgər dövlət əhalini hər bir dövlətin təmin etməli olduğu - təhlükəsizlik, ədalət, əmək məşğuliyyəti kimi minimumlarla təmin edə bilmirsə, onun yerinə başqa kimsə bunu təklif edə bilər. Bütün bunları da "Taliban" təklif edə bilər", - Sekui Trend -a müsahibəsində deyib.

Taliblərin hakimiyyəti dövrü ilə müqayisədə 2001-ci ildən ölkəyə rəhbərlik edən Həmid Kərzainin dövründə narkotik alveri çoxalıb. O, taliblərin silahlı müqavimətini susdura bilmədi və ölkədə real hakimiyyət səhra komandirlərinin əlindədir.

Son 20 ildə ölkə korrupsiya içində batıb. Qərb bu məsələdə Kərzaini günahlandırır. Belə ki, onların fikrincə, özünün hakimiyyətdə olduğu dövrdə Kərzai iqtisadi və demokratik dəyişiklikləri reallaşdıra biləcək bir hakimiyyət modeli yarada bilməyib.

Hakimiyyətin qeyri-stabilliyini ölkənin cənub və cənub-şərqində güclü mövqelərə malik radikal islam hərəkatı olan "Taliban"ın daima artan təsiri ilə qarşı-qarşıya qoymaq olar. Senlis (London) Beynəlxalq Analitik Mərkəzin məlumatına görə, 2007-ci ildə Əfqanıstanın 54 faiz ərazisində taliblərin hərbi əməliyyatı qeydə alınıb.

Səfirin fikrincə, NATO qüvvələrinin rəhbəri general Mak Kristalın bu ölkədəki beynəlxalq hərbi kontingentin sayının 40 min nəfərə çatdırılması təklifi həqiqətən də nə isə mühüm bir şey etmək - "ölkədəki təhlükəsizliyi "əfqanlaşdırmaq" üçün vaxt udmaq məqsədi ilə bağlıdır". Sekuinin sözlərinə görə, bu, Əfqanıstan polisi və ordusunun öz təhlükəsizliklərinin sahibi olmalarını əldə etmələri deməkdir.

Hazırdasa Əfqanıstanda təxminən 68 min NATO əsgər və zabiti var. Onların 1/3-ni ABŞ hərbçiləri təşkil edir. Bundan başqa, bilavasitə ABŞ-ın komandanlığı altında 36 min hərbçi var.

"Yaxşı idarəetmə əldə etmək üçün korrupsiya ilə çox aktiv mübarizə aparmaq və əfqan rəhbərlərin yeni nəslini təşviq etmək lazımdır", - səfir deyib. O, həmçinin Aİ-nın Əfqanıstanda korrupsiya ilə mübarizəyə böyük töhfə verdiyini qeyd edib.

"Avropa İttifaqı 2002-ci ildən bu günədək vətəndaş cəmiyyətinin islah edilməsi sahəsinə səkkiz milyard avrodan artıq vəsait xərcləyib. Aİ polis sisteminin yenidən qurulması üçün yardım edir. Bununla bağlı polisdə korrupsiya ilə mübürizə üçün xüsusi proqram mövcuddur", - Sekui deyib.

"Tezliklə effektiv və şəffaf idarəetmə potensialının yaradılması üçün dövlət idarəetmə məktəbi açılacaq", - səfir bildirib.

Sekuinin fikrincə, Əfqanıstanın iqtisadi inkişafı istiqamətində də işlərin görülməsi vacibdir.

Dünya ictimaiyyətinin çoxmilyardlı yardımına baxmayaraq, Əfqanıstan dünyanın ən kasıb ölkəsi olaraq qalır. BMT-nin məlumatına əsasən, ölkə iqtisadiyyatın inkişafına və əhalinin yaşayış səviyyəsinə görə dünyada axırdan dördüncü yeri tutur.

Əfqanıstan əhalisinin on iki milyon nəfəri kasıblıq içərisində yaşayır, onlardan üç milyonunu uşaqlar və 2,4 milyon nəfərə yaxınını isə körpə uşaqlı analar təşkil edir. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat veriblər. BMT-nin təxmini hesablamalarına görə, Əfqanıstanda 26 milyona yaxın adam yaşayır.

"Həqiqətən də əfqanları idarə etmək üçün hər şeydən əvvəl onları yedizdirmək lazımdır. Əfqanlara onların daha yaxşı yaşamaq imkanlarının olduğunu göstərmək lazımdır", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti