...

Azərbaycan Prezidenti məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak edib

Siyasət Materials 20 Noyabr 2009 16:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimə toplaşan məcburi köçkünlər, aşıqlar və incəsənət ustaları dövlətimizin başçısını hərarətlə, xoş musiqi ilə qarşılayıblar.

Məlumat verilib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından zor gücünə qovularaq məcburi köçkünə çevrilən soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.

İndiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 18 min 716 evdən ibarət 63 qəsəbə salınıb, bu qəsəbələrə 82 min qaçqın və məcburi köçkün köçürülüb. Beləliklə, çadır düşərgələri ləğv edilib.

Goranboy rayonunun Veyisli kəndi yaxınlığında inşa edilən yeni qəsəbə də kəlbəcərli məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması yolunda mühüm addımdır.

Vaxtilə ulu öndər Heydər Əliyev də Goranboya səfəri zamanı Aşağı Ağcakənd kəndində məcburi köçkünlər üçün yeni qəsəbənin açılışında iştirak etmişdi.

Dövlətimizin başçısına məlumat verilib ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək.

Qəsəbə Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınıb.

Qəsəbənin tikintisinə bu ilin iyununda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə başlanılıb.

Qısa müddətə tikilmiş qəsəbə üçün 120 hektar ərazi ayrılıb. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış sahəsi isə 19.445 kvadratmetrdən çoxdur.

Evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördotaqlıdır.

Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir.

Qəsəbədə müstəqil elektrik stansiyası tikilmiş, bütün evlər təbii qazla təchiz olunub.
Prezident İlham Əliyev qəsəbədə tikilmiş evlərə baxıb.

Dövlətimizin başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak edib.

Burada şagirdlərin təhsili üçün hər cür şərait yaradılıb. Məktəb zəruri avadanlıq və inventarla təchiz olunub, bütün siniflər əyani vasitələrlə təmin edilib.

Məktəbin idman zalında şagirdlərin fiziki sağlamlığı üçün hər cür şərait yaradılmışdır. Kompüter sinfində müasir kompüterlər quraşdırılaraq internetə qoşulub. Məktəbdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan Kəlbəcər sakinlərinin xatirəsi əziz tutulur, yetişməkdə olan nəslə onların şücaətindən söhbət açılır.

Prezident İlham Əliyev məktəblə tanışlıqdan sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşərək çıxış edib.

Xəbər lenti

Xəbər lenti