...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili" sorğusunun qalibi olub

Siyasət Materials 14 Yanvar 2010 15:32 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili" sorğusunun qalibi olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili" sorğusunun qalibi olub

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili" sorğusunun qalibi olub.

Azərbaycan Parlamentində akkreditasiya olunan jurnalistlər arasında keçirilən sorğunun nəticələrinə görə, Mehriban xanım Əliyeva 2009-cu ildəki fəaliyyəti dövründə parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinə görə bu ada layiq görülüb.

2009-cu il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyeva tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Amnistiya aktı barədə qərar layihəsi təqdim olunub. Parlamentdə qəbul olunan həmin akt təqribən 9 min məhkuma şamil edilib.

"Sorğu həmçinin "İlin fəal millət vəkili", "Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili", "Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili", "İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili" və "İlin passiv millət vəkili" nominasiyaları üzrə də keçirilib", - Trend -un məlumatına görə, cümə axşamı keçirilən tədbirdə Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib.

Eyvazlının sözlərinə görə, sorğu nəticəsində Milli Məclis sədrinin müavini Bahar Muradova, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, bu partiyanın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Pənah Hüseyn, Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli Azay Quliyev fəal millət vəkilləri seçiliblər.

Qənirə Paşayeva, Cəmil Həsənli, Sabir Rüstəmxanlı, Arzu Səmədbəyli, İkram İsrafil, İntizam Əkbərli, Fuad Muradov, Gülər Əhmədova, Nazim MəmmədovElmira Axundova isə seçici hüquqlarının müdafiəsi sahəsində fəal millət vəkilləri adına layiq görülüblər.

Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən millət vəkilləri ilə bağlı sorğuya gəldikdə, rəyi soruşulan jurnalistlər Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovu, Gültəkin Hacıbəylini, Nizami Cəfərovu və Asəf Hacıyevi xüsusi qeyd ediblər.

"Jurnalistika peşələrin ən şərəflisidir və mən də məhz millət vəkili seçilənə qədər jurnalist kimi fəaliyyət göstərməyimlə fəxr edirəm. Ona görə də bu gün jurnalistlərin seçimi nəticəsində bu mükafatı almaq mənim üçün çox sevindiricidir", - tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin qarşısının alınmasında siyasətçilərlə yanaşı, jurnalistlərin də rolu böyükdür.

Millət vəkili növbəti ildə bu mükafatın təqdimolunma mərasiminin Qarabağda keçirilməsini arzuladığını xüsusi qeyd edib.

O qeyd edib ki, jurnalistlərin bu gün ən ciddi problemlərindən biri mənzillərinin olmaması ilə bağlıdır. "Biz millət vəkilləri bu problemin həlli üçün bütün səylərimizi əsigəməməli, bütün lazımi instansiyalara müraciət etməliyik", - Paşayeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti