Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fövqəladə hallar sahəsində ABŞ təcrübəsini öyrəniblər.
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, fevralın 1-4-də Vaşinqtonda ABŞ-ın Ordu Mühəndis Korpusunun təşkilatçılığı ilə "Fövqəladə hallar üzrə milli tədbirlər planı" adlı seminar keçirilib.
Tədbirdə Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin nümayəndələri iştirak edib.
İştirakçılar böhranların idarə olunması, təbii fəlakət və texnogen xarakterli qəzaların aradan qaldırılması istiqamətində ABŞ-ın müvafiq dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılıb, ABŞ-ın milli tədbirlər planı, bu sahə üzrə müvafiq sənəd və konsepsiyaların hazırlanması işi ilə tanış olublar.
Tədbirin keçirildiyi müddətdə iştirakçılar Vaşinqton şəhərinin "Çaynataun" yanğınsöndürmə məntəqəsində, Ordu Mühəndis Korpusunun əməliyyat zalında və Virciniya ştatının Fairfaks şəhərinin İctimai asayişin təhlükəsizliyi və nəqliyyata nəzarət üzrə əməliyyat mərkəzində olublar.