...

"Şərq Tərəfdaşlığı" Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir – Niderland XİN-in baş katibi (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 3 Mart 2010 19:56 (UTC +04:00)
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır. Niderland Krallığı Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq belə hesab edir.
"Şərq Tərəfdaşlığı" Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir – Niderland XİN-in baş katibi (ƏLAVƏ OLUNUB) (FOTO)

Red. əlav.: baş katibdən sitatlar əlavə olunub

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Y.Ostapenko/

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır. Niderland Krallığı Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq belə hesab edir.

"Aİ "Şərq Tərəfdaşlığı" vasitəsilə Cənubi Qafqaz regionu ölkələri arasında əlaqələrin yaxşılaşmasına nail olan zaman, bu, Azərbaycan üçün mühüm olan həmin münaqişənin həllinə müsbət təsir edəcək", - Kronenburq Azərbaycanda Niderland səfirliyinin açılması vaxtına salınmış rəsmi mərasimdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının üzvü kimi, Niderland Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına yönəlmiş bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

"Mən səmimiyyətlə ümüd edirəm ki, nəticədə münaqişə həll olunacaq", - Kronenberq deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Kronenberq iqtisadi böhran zamanında səfirliyin açılmasını Azərbaycanla əlaqələrin Niderland Krallığı üçün əhəmiyyətindən xəbər verən müstəsna hadisə adlandırıb.

Baş katib bildirib ki, Bakıda bir sıra maraqlı görüşlər keçirib. Azərbaycan Prezidenti ilə görüş, xarici işlər naziri və onun müavini ilə görüşlər də bunların sırasına daxildir.

Səfirliyin açılması şərəfinə fotosərgi təşkil olunub. Həmin sərgidə Dmitri Yermakovun 1872-1912-ci illərdə Azərbaycanda çəkdiyi rəsmlər nümayiş olunub.

Rəsmlər Niderland hökumətinin maliyyə dəstəyi ilə bərpa edilib.

Niderland Krallığının Azərbaycandakı ilk səfiri Yan-Lukas van Horn təyin olunub. O, Avropa İttifaqının Bakıdakı digər səfirləri, həmçinin Tbilisi və Ankaradakı səfirləri ilə sıx əlaqədə işləyəcək.

Azərbaycanın Niderlanddakı səfirliyi 2007-ci ildə açılıb və fəaliyyətdə olan səfir Fuad İsgəndərovdur.

Xəbər lenti

Xəbər lenti