...

Daxili İşlər Nazirliyində iclas keçirilib

Siyasət Materials 30 Mart 2010 17:25 (UTC +04:00)
DİN-in mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Daxili İşlər Nazirliyində iclas keçirilib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyində orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilib.

DİN-in mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Müsabiqə Komissiyasının sədri, DİN Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.

O bildirib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi işinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında dəfələrlə elanlar verilib, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilib.

Nəticədə 79 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 51 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılıb.

Həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçib, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar "polis leytenantı" xüsusi rütbəsi verilməklə respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər.

Usubov zabit vəzifələrinə təyin olunmaları münasibətilə müsabiqənin qaliblərini təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polis adını daim uca tutmağı arzulayıb.

Nazir gənc zabitlərin qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklərinə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaqlarına, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcəklərinə, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlarına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti