Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.
Mədəniyyət evində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edən fotolar var.
Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi 1958-ci ildə istifadəyə verilib. Uzun müddət istismar nəticəsində aşınan bina müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının Şirvana ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı sərəncama əsasən ayrılmış vəsait hesabına yenidən qurulan Mərkəzi Mədəniyyət Evinin binası müasir standartlar səviyyəsinə çatdırılıb.
Mərkəzi Mədəniyyət Evində 247 yerlik tamaşa salonu, səhnə, qrim otağı, dərnək işi üçün 9 otaq və kabinetlər yaradılıb, avadanlıqla təmin olunub. Mədəniyyət evinin ətrafında da abadlaşdırma işləri görülüb, yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.