Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir T.Cəfərov/
İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccarın mayın 4-də Azərbaycana dördgünlük səfəri başlayır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Səfər zamanı Nəccarı İranın Gilan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin başçıları, Parlament nümayəndələri, DİN-in təhlükəsizlik məsələləri üzrə müavini və Xarici İşlər Nazirliyindən nümayəndələr müşayiət edəcəklər.
Dördgünlük səfəri zamanı İranın daxili işlər naziri Azərbaycanda paytaxt Bakıdan başqa, daha iki rayonda səfərdə olacaq.
İranın daxili işlər nazirinin Parlament məsələləri üzrə müavini Mehdi Məhəmmədifər bildirib ki, Nəccar səfər zamanı Azərbaycan Prezidenti, iqtisad və maliyyə nazirləri və özəl sektorun nümayəndələri ilə də görüşlər keçiricək.
Məhəmmədifər əlavə edib ki, səfərdə məqsəd iki ölkə arasında iqtisadi, ictimai və mədəniyyət sahələrində özəl sektorda və hökumətlərarası əməkdaşlıqları artırmaqdır.
Məhəmmədifər əlavə edib ki, Nəccar yaxın gələcəkdə İraq, Türkmənistan və Qazaxıstana da səfər edəcək.