Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Tarıverdiyeva/
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Kaliforniyada Santa-Barbara şəhər kollecinin tələbələri qarşısında çıxış edib. Bu barədə Baş Konsulluğun məlumatında bildirilir.
Diplomat Azərbaycanın sivilizasiyaların dialoquna töhfəsindən və Azərbaycan cəmiyyətində çoxəsrlik tolerantlıq ənənələrindən danışıb.
Qafqaz xalqlarının zəngin və rəngarəng mədəni irsindən danışan Süleymanov qeyd edib ki, regionun uğurlu və dinc gələcəyinin rəhni etnik ekspansionizm siyasətindən və şovinizm ideologiyasından imtina etməkdir. Onun sözlərinə görə, Amerika tərəfi Ermənistan - Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasına dair səylərini canlandıraraq, Ermənistan da daxil olmaqla, bütün regionun inkişafına öz töhfəsini verə bilər.
ABŞ-ın uzunmüddətli maraqları baxımından regionun strateji əhəmiyyətinə toxunan baş konsul Azərbaycanın iki ölkə arasında qarşılıqlı faydalı əsasda bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə hazır olduğunu bildirib.
Azərbaycanlı diplomatın fikrincə, uğurlu regional siyasət strateji baxışların daimiliyi və ikili standartların olmaması ilə fərqlənməlidir.