Fransa, Strasburq, 27 aprel/ Trend, müxbir A. Məhərrəmli/
Hər tərəfdaş üçün yetərincə əlverişli olan regional layihələrin heç biri Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz-Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı AŞ PA-nın yaz sessiyasının ikinci iş günündə Yunanıstandan olan deputat Konstantinos Vrettosun təqdim etdiyi "Zənginlik, rifah və firəvanlığı dəyişən Avropada necə bir araya gətirməli?" məruzəsi ətrafında gedən müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Davamlı iqtisadi inkişafı təmin etmək üçün etibarlı siyasi təməllərin zəruriliyini qeyd edən R.Hüseynov diqqəti bir qisim üzv dövlətlər arasında gedən hərbi münaqişələrə yönəldərək bunun Cənubi Qafqazda daha bariz şəkildə təzahür etdiyini xüsusi vuröulayıb. Bu xüsusda, o, Ermənistanın Azərbaycana təcavüzündən danışıb.
"Mənim ölkəm regionda həlledici mövqeyə malik bir dövlətdir. Reallıq belədir ki, hər tərəfdaş üçün yetərincə əlverişli olan regional layihələrin heç biri Azərbaycanın iştirakı olmadan həyata keçirilə, ümumiyyətlə gerçəkləşə bilməz. O layihələrin region dövlətlərinin hamısının müştərək fəaliyyəti ilə gerçəkləşməsi təbii ki, tərəfdaş dövlətlərin hər birinə iqtisadi zənginlik, firavanlıq gətirmək gücündədir. Lakin bu tam həcmdə baş vermir. Çünki Azərbaycan 20 ilə yaxındır ki, qonşu Ermənistanın işğalına məruz qalmış və həmin təcavüz nəticəsində ərazilərinin 20 faizi zəbt edilmiş, 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilmişdir. Indi arxada qalan illəri və region xalqlarının bugünkü iqtisadi vəziyyətini araşdıranda, region dövlətlərində əhalinin yaşayış səviyyəsini müqayisə edəndə buna şahid oluruq ki, həmin təcavüz nəticəsində ən çox itirən elə Ermənistan olmuşdur. 1 milyon insanı bədbəxt edərək qaçqına və məcburi köçkünə çevirsə, evsiz-eşijsiz qoysmağa müvəffçq olsa da, Ermənistan zəbt etdiyi torpaqların sahibinə çevrilməyib. Ermənistan əhalisinin yarıdan çoxu dözülməz iqtisadi həyat ucbatından öz ölkəsini tərk edərək mühacirətə üz tutub. Ölkədə qalanlar da çətin iqtisadi şəraitdə yaşamağa məhkumdur. Bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistanda iqtisadi tənəzzül gün-gündən dərinləşir və əhalinin güzəranı durmadan pisləşir. Ermənistan bir tərəfdən iqtisadi əməkdaşlıq istəyir, digər tərəfdənsə işğal etdiyi torpaqları boşaltmaq istəmir. Əlbəttə, dostluq, əməkdaşlıq, tərəfdaşlıq belə olmur"-millət vəkili çıxışında deyib.
Rafael Hüseynov eyni zamanda Azərbaycanla birgə iqtisadi layihələrdə iştirak edən və bu niyyətdə olan digər dövlətlərin də ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsələsini diqqətdə saxlamasının, zəbt olunmuş torpaqlarımızın azad edilməsində əməli dəstək göstərməsinin zəruriliyini də xüsusi vurğulayıb.
"Ermənistan bir tərəfdən Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, bu ölkəni heç bir real tarixi əsası olmayan uydurma "soyqırımda" ittiham edir və ən müxtəlif təzyiq və təsir vasitələrindən istifadə edərək həmin "soyqırımın" tanınmasına çalışır, digər tərəfdən Türkiyədən sərhədlərin açmasını, bununla da iqtisadi əməkdaşlığı qüvvətləndirərək inkişafa nail olmağı düşünür. Əlbəttə ki, dostluq, əməkdaşlıq, tərəfdaşlıq belə olmur", - Hüseynov deyib.
Onun sözlərinə görə Ermənistan apardığı belə arzuolunmaz siyasətlə ən əvvəl öz xalqına qarşı hərəkət etmiş olur.
"Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, əhalisinin firəvanlığı Azərbaycan üçün ümdə şərtdir. Və Azərbaycanla iqtisadi əməkdaşlıq etmək, Azərbaycanı tərəfdaş kimi qəbul edən hər ölkə bu ümdə şərtləri nəzərdə saxlamalıdır", - deputat deyib.
Hüseynov onu da qeyd edib ki, Dağlıq Qarabağ və ondan kənardakı 7 Azərbaycan rayonunun işğaldan azad edilməsi məsələsinə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yanaşmadan Azərbaycanla ortaq layihələrdə ardıcıl əməkdaşlığa ümid bəsləmək əbəsdir.
"Dəyişən, yeniləşən Avropada və dünyada xalqlarımızın zənginliyini, rifahını, firəvanlığını istəyiriksə, başqa xalqların və dövlətlərin də hüquqlarına daim hörmətlə yanaşaq, qarşılıqlı münasibətlərimizdə bütün istiqamətlərdə konstruktiv olaq", - Rafael Hüseynov deyib.