...

Azərbaycanın daxili işlər naziri iranlı həmkarını qəbul edib

Siyasət Materials 3 May 2010 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

İranın daxili işlər nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiya proseslərinin bundan sonra daha da genişlənməsinə xidmət edəcək. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov iranlı həmkarı Mustafa Məhəmməd Nəccarla görüşündə deyib.

"Belə görüşlər transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün pozitiv imkanlar yaradır", - Usubov iranlı həmkarı ilə görüşündə deyib. Məlumatı bazar ertəsi DİN-in mətbuat xidməti yayıb.

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın bu gündən Azərbaycana rəsmi səfəri başlayıb.

Nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığı tənzimləyən müqavilələrin də mühüm əhəmiyyət kəsb etdiyini və bu sənədlərin gələcək əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaratdığını xatırladıb.

Nazir qeyd edib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verməkdədir. Usubov iki ölkənin Daxili İşlər nazirlikləri səviyyəsində əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu vurğulayıb.

Nazir iranlı qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verib.

Usubov nazirliklərimiz arasında əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı faydalı əlaqələrin ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəyinə əminliyini bildirib.

Mustafa Məhəmməd Nəccar bildirib ki, həqiqətən də belə səfərlər, görüşlər və imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.

Xəbər lenti

Xəbər lenti