...

Azərbaycanın əsas vəzifəsi de-yure və de-fakto gender bərabərliyi arasında məsafəni aradan qaldırmaqdır – AŞ PA (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 May 2010 15:49 (UTC +04:00)
Bakıda keçirilən "Gender bərabərliyi" konfransının işində iştirak edən AŞ PA nümayəndələri bu sahədə Azərbaycanda qanunvericilik səviyyəsində uğurların əldə olunmasını qiymətləndiriblər və onların praktikada reallaşdırılması üçün gələcəkdə işlərin görülməsinə çağırıblar.
Azərbaycanın əsas vəzifəsi de-yure və de-fakto gender bərabərliyi arasında məsafəni aradan qaldırmaqdır – AŞ PA (ƏLAVƏ OLUNUB)

RED. əlav.: AŞ PA-nın insan alveri ilə mübarizə alt komitəsi rəhbərinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Y.Ostapenko/

Bakıda keçirilən "Gender bərabərliyi" konfransının işində iştirak edən AŞ PA nümayəndələri bu sahədə Azərbaycanda qanunvericilik səviyyəsində uğurların əldə olunmasını qiymətləndiriblər və onların praktikada reallaşdırılması üçün gələcəkdə işlərin görülməsinə çağırıblar. Çünki ölkədə de-yure və de-fakto gender bərabərliyi arasında böyük məsafə mövcuddur.

"AŞ PA keçirilən konfransın nəticələri üzrə Avropa Şurası ölkələri üçün sonrakı 4-5 il üzrə fəaliyyət planının təsdiqlənməsini alqışlayır", - AŞ PA-nın kişilər və qadınların bərabərliyi üzrə komitəsinin sədri Joze Mendes Bota bildirib.

Onun sözlərinə görə, fəaliyyət planı Azərbaycanda gender bərabərliyi üzrə vəziyyətdə qanunvericiliklə praktika arasında körpü qurmağa imkan verəcək tədbirlərin görülməsini təklif edir.

2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan Yaxın Şərqdə 2006-cı ildə qadın və kişilərin bərabərliyini qanunla möhkəmləndirən ilk dövlətlərdən biri olub.

Bazar ertəsi və çərşənbə axşamı Bakıda keçirilən Avropa Şurasının gender bərabərliyi üzrə konfransına Parlament Assambleyasından 6 parlamentaridən ibarət missiya göndərilib. Onlar Azərbaycanda qadın haqları ilə bağlı vəziyyətlə tanış olublar, bu sahədə çalışan QHT-lərlə, eləcə də iki əsas siyasi partiya ilə əlaqə yaradıblar.

Botanın sözlərinə görə, konfransda yeni mexanizm tətbiq edilib. İndi Avropa Şurası parlamentariləri xüsusi sessiyaya toplaşmaq imkanına malik olacaqlar ki, burada onlar xüsusi maraq və narahatlıq doğuran 6 əsas mövzu üzrə üzv dövlətlərin hökumət nümayəndələrinə müraciət edəcəklər.

Botanın sözlərinə görə, Bakıda gender mövzusunda beynəlxalq konfransın keçirilməsi sonrakı illərdə qadın və kişilərin həqiqi bərabərliyini təmin edəcək qanunvericiliyin qəbul edilməsi istiqamətində ilk addım olmalıdır.

Onun sözlərinə görə, dünən 100 səs "xeyrinə" və iki səs "əleyhinə" olmaqla qəbul edilən ailə zorakılığına qarşı qanun layihəsi buna misal ola bilər. Bota hesab edir ki, noyabr ayında Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərə alınaraq qanunvericilikdəki bu yeni bəndin yaya qədər qəbul edilməsi yaxşı olardı.

Azərbaycanda bir neçə gün bundan əvvəl ratifikasiya olunan insan alveri ilə mübarizə üzrə konvensiya haqqında danışan Bota bu sənədin çox tezliklə praktikada həyata keçiriləcəyinə ümidini ifadə edib.

Azərbaycanda qadın haqları və gender bərabərliyi sahəsində hüquqi uğurlarla yanaşı, AŞ PA missiyasının nümayəndələri təcrübədə bu hüquqlarda ciddi pozuntuların olduğunu qeyd ediblər.

AŞ PA-nın insan alveri ilə mübarizə alt komitəsinin rəhbəri Lidiya Err Azərbaycanda uşaq ölümünün səviyyəsinin yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, tibbi diqqətin kifayət qədər olmamasının, eləcə də respublikada ailə planlaşdırmasının olmamasının nəticəsi ola bilər.

Err praktikada qadınların hüquqlarının kifayət qədər reallaşdırılmamasının səbəbini onların siyasi həyatda iştirakının aşağı olmasında görür.

Onun sözlərinə görə, Azərbaycanda hələ də gələcək uşağın cinsi ilə bağlı abortların səviyyəsinin yüksək olması kədərlidir. Beləliklə, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayını əhəmiyyətli dərəcədə üstələyir və bu, Errin fikrincə, 20 ildən sonra kişilərin ailə qurmaqla əlaqədar çətinliklərlə üzləşmələri ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.

Err Azərbaycanda qadınların ən ciddi problemlərindən birinin reproduktiv sağlamlıq olduğunu qeyd edib. Kontrasepsiya metodları yalnız uşaqsaldırma ilə məhdudlaşır ki, bu da qəbuledilməzdir.

O, Azərbaycanda qadınların problemləri arasında erkən nikahları və məcburi nikahları qeyd edib.

18 yaş 1989-cu ildə Uşaq Hüquqlarına dair Konvensiya tərəfindən ailə qurmaq üçün mümkün yaş kimi müəyyən olunub. Beynəlxalq standartlara görə, erkən yaşda nikaha girmək insan hüquqlarının pozulması hesab edilir.

Belə ki, belə izdivaclar qanunsuzdur, onlar gizli həyata keçirilir. Err deyib ki, bunun nəticəsi olaraq, qadın arvad statusundan məhrum olur və doğulan uşaqlar da rəsmən qeydiyyata alınmır. Boşanma zamanı bu qadınlar heç bir hüquqa malik olmurlar.

Errin sözlərinə görə, Azərbaycanda 10 min uşaq rəsmi qeydiyyatdan keçməyib.

"Bu, qadının statusunun tamamilə alçaldılmasıdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti