...

ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya səfəri planlaşdırılır (YENİLƏNİB)

Siyasət Materials 7 İyun 2010 13:29 (UTC +04:00)
ABŞ-la Azərbaycan arasında həqiqi partnyorluğa xas olan münasibətlər qurulacaq və ABŞ müdafiə nazirinin Azərbaycana gəlişi tərəfdaşlığın inkişafına öz yeni töhfəsini verəcək, - bunu bazar ertəsi Bakıda Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geytslə görüşündə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev deyib.
ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya səfəri planlaşdırılır (YENİLƏNİB)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ABŞ-la Azərbaycan arasında həqiqi partnyorluğa xas olan münasibətlər qurulacaq və ABŞ müdafiə nazirinin Azərbaycana gəlişi tərəfdaşlığın inkişafına öz yeni töhfəsini verəcək, - bunu bazar ertəsi Bakıda Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geytslə görüşündə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev deyib.

İyunun 7-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geytsin Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Keçirilən geniştərkibli görüşdə əsası 1997-ci ildə sabiq Prezident Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan - ABŞ hərbi əməkdaşlığının qısa tarixçəsinə diqqət yetirən müdafiə naziri Səfər Əbiyev ölkəsinin Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Nazir bildirib ki, ABŞ - Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri dünən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən ABŞ müdafiə naziri Geytslə də ətraflı müzakirə mövzusu olub.

Beynəlxalq terrorizmə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan nazir Əbiyev, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını bildirib. O, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atmağı hörmətli qonağın diqqətinə çatdırıb.

Görüş zamanı Səfər Əbiyev "907-ci düzəliş"in ABŞ - Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Geyts Müdafiə Nazirliyində yüksək qonaqpərvərliklə qarşılandığına görə, azərbaycanlı həmkarına təşəkkürünü bildirib və qeyd edib ki, Prezident Barak Obamanın cənab İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkə olduğuna bariz nümunədir. Geyst vurğulayıb ki, ölkəsinə qayıdarkən ABŞ Prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcək. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir, "907-ci düzəliş"in birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini də Səfər Əbiyevin diqqətinə çatdırıb.

Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti