...

Azərbaycanın Hərbi Doktrinasına heç bir ölkənin, qurumun adı daxil edilməməlidir - birinci vitse-spiker

Siyasət Materials 8 İyun 2010 17:27 (UTC +04:00)
Azərbaycanın Hərbi Doktrinası sırf müdafiə xarakterli sənəd olduğundan, biz heç bir ölkənin, qurumun adını bura daxil edə bilmərik, lakin beynəlxalq müqavilələr bağlaya bilərik.
Azərbaycanın Hərbi Doktrinasına heç bir ölkənin, qurumun adı daxil edilməməlidir - birinci vitse-spiker

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Hərbi Doktrinası sırf müdafiə xarakterli sənəd olduğundan, biz heç bir ölkənin, qurumun adını bura daxil edə bilmərik, lakin beynəlxalq müqavilələr bağlaya bilərik. Trend-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən ilk iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

"Artıq Azərbaycanın 30-dan artıq ölkə ilə hərbi tərəfdaşlıq müqaviləsi var. Sənəd üzərində altı ildir iş gedir və Azərbaycanın milli maraqlarını bura daxil etmək vaxt apardı", - Əsgərov bildirib.

Azərbaycanın Hərbi Doktrinası Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən ilk iclasında müzakirəyə çıxarılıb. Bəzi deputatlar dost ölkələr və sıx əməkdaşlıq edilən beynəlxalq təşkilatların adının Hərbi Doktrinaya salınmasını təklif ediblər.

Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özündə ehtiva edir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə öz əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.

Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə, iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər Hərbi Doktrina layihəsində yer alıb.

Millət vəkili Pənah Hüseyn çıxışında bildirib ki, hərbi xidmətin ən üstün dövlət qulluğu olması doktrinada əks olunmalıdır.

Xəbər lenti

Xəbər lenti