...

Azərbaycanda Parlament seçkiləri bəzi müxalifət liderlərinin siyasətdən getməsinə ciddi təsir edəcək - müxalif partiyanın sədri

Siyasət Materials 9 İyun 2010 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, Parlament seçkiləri bəzi müxalifət liderlərinin siyasətdən getməsinə ciddi təsir edəcək.

"Bu gün müxalifət düşərgəsinin az bir qismi siyasət meydanındadır. Adları olsa da, siyasətlə heç bir əlaqələri yoxdur. Onsuz da bir sıra siyasi qüvvələr artıq siyasətdən uzaqlaşıblar. Yalnız görüntü xatirinə qalırlar. Parlament seçkilərindən sonra bəzi müxalifət liderlərinin siyasətdən getmələrinə ciddi təsir edəcək", - bunu çərşənbə günü Trend-ə müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sərdi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Ötən prezident və parlament seçkilərindən sonra müxalif Milli-İstiqlal Partiyasının sədri Etibar Məmmədov və Liberal Partiyanın sədri Lalə Şövkət tutduğu vəzifədən istefa verərək, aktiv siyasətdən uzaqlaşıblar.

Rüstəmxanlı hesab edir ki, daimi olaraq uğursuzluq zolağında yaşamaq və məğlub durumda, siyasətdə heç bir şey etmədən qalmaq mümkün deyil.

"Biz istədik-istəmədik, zaman öz işini görür. Ona görə də təbii şəkildə siyasətdən çəkilmə halları mövcuddur. Tək adamlar qalsalar da, onların ətrafında heç kim qalmaz. Necə ki bir sıra siyasi partiyaların başından adamlar dağılıb-gedirlər", - Rüstəmxanlı əlavə edib.

Rüstəmxanlı qeyd edib ki, yalnız öz ətrafındakı adamları toplayıb iclaslar keçirmək, hardasa bir piket keçirmək, ölkəyə gələn bir xarici qonaqla görüşmək və ya hansısa səfirliyin nümayəndəsi ilə görüşmək fəal siyasət sayılmaz.

"O partiya ölkənin adından beynəlxalq aləmdə danışa bilirsə, ölkəni təmsil edirsə, ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynayırsa, bu, aktiv siyasətdir", - Rüstəmxanlı bildirib.

Xəbər lenti

Xəbər lenti