...

BMT Təhlükəsizlik Şurasının qətnaməsi diqqəti İsraildən yayındırmaq məqsədi daşıyır – İran Parlamentinin nümayəndəsi

Siyasət Materials 10 İyun 2010 18:50 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı tələsik qətnamə qəbul etməsində məqsəd TŞ-nin "İsrailin Azadlıq donanmasına hücumundan və 19 nəfərin öldürülməsindən" diqqəti yayındırmaq olub.
BMT Təhlükəsizlik Şurasının qətnaməsi diqqəti İsraildən yayındırmaq məqsədi daşıyır – İran Parlamentinin nümayəndəsi

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir D.Xatınoğlu/

BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı tələsik qətnamə qəbul etməsində məqsəd TŞ-nin "İsrailin Azadlıq donanmasına hücumundan və 19 nəfərin öldürülməsindən" diqqəti yayındırmaq olub. Bu barədə İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmayıl Kövsəri Tehrandan telefonla Trend-ə bildirib.

Onun sözlərinə görə, bu qətnamənin arxasında ABŞ, Böyük Britaniya və Fransa durur.

Kövsəri həmçinin əlavə edib ki, yeni qətnamə ABŞ-ın təzyiqi altında qəbul edilib. Yeni sanksiyalar qanunsuzdur və bundan əvvəlki sanksiyalar kimi heç bir əhəmiyyəti yoxdur.

Çərşənbə günü BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib.

Sənədin lehinə BMT TŞ-nin 12 üzvü səs verib, Türkiyə və Braziliya isə əleyhinə səs verib, Livan bitərəf qalıb.

İran przeidenti Mahmud Əhmədinejad yeni qətnaməni "heç bir dəyəri olmayan kağız" adlandırıb.

İsrail xüsusitəyinatlıları mayın 31-də neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər. İsrail hakimiyyəti bundan əvvəl də gəmilərə Qəzza sektoruna yaxınlaşmağı qadağan edərək gəmiləri ələ keçirəcəyi və oradakı adamların sonralar deportasiya olunacağı ilə hədələmişdi.

Xəbər lenti

Xəbər lenti