Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/
Ermənistanla sərhədlərin açılması Türkiyənin özünün maraqlarına və Türkiyə-Azərbaycan münasibətlərinə ziddir. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
"Amerikanın sözü ilə Türkiyə də Ermənistanı müdafiə edir. Türkiyənin atacağı bu addım Türkiyənin özünün maraqlarına, Türkiyə-Azərbaycan münasibətlərinə daban-dabana ziddir. Bu, Türkiyə-Azərbaycan münasibətlərinə ciddi zərbə vuracaq. Qarabağ münaqişəsinin tənzimlənməsini xeyli yubadacaq", - Əhmədoğlu əlavə edib.
Bundan əvvəl verilən məlumata görə, Türkiyə sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmir. Lakin Türkiyə XİN başçısı Əhməd Davudoğlu bu məlumatı təkzib edib.
Əhmədoğlunun sözlərinə görə, Türkiyədə Azərbaycanın müəyyən planlarından məlumatlıdırlar.
"Sərhəd məsələsində Türkiyə və Azərbaycanın ortaq mövqeyi olmalıdır. Türkiyə bəyan etməlidir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın əlindədir. Yalnız bu bəyanat veriləndən sonra ortalıqda inam yarana bilər ki, Türkiyə heç bir şərt daxilində sərhədləri açmayacaq", - Əhmədoğlu deyib.
Əhmədoğlu Rusiya və Amerikanın Türkiyəyə qarşı yürütdüyü siyasətdən də danışıb.
"Ermənistan Rusiya və Amerikadan tələb edir ki, Türkiyəni Ermənistanın qarşısında diz çökməyə vadar etsinlər. Türkiyənin indiki hakimiyyətinin apardığı siyasət buna şərait yaradır. Dəfələrlə mövqe dəyişmələri, Türkiyənin öz maraqlarına uyğun sabit və kəskin mövqe qoymamsı erməniləri və onların havadarlarını şirnikləşdirib. Son nəticədə belə bir şərait yaranıb", - Əhmədoğlu deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.