Gürcüstan,Tbilisi, 13 sentyabr /Trend, müxbir N. Kirsxaliya/
Somali dəniz quldurları tərəfindən əsir götürülən gürcü dənizçilərin vəziyyəti qənaətbəxşdir. Bu barədə bazar ertəsi brifinqdə Gürcüstan Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar departamentinin rəhbəri Sergi Kapanadze deyib.
Onun sözlərinə görə, XİN gürcü dənizçiləri barədə son məlumatı şənbə günü alıb - quldurlar tərəfindən tutulan gəmi Somali sahillərində hərəkət edir, lakin onların gəminin azad olunmasına görə hansı fidyəni tələb etdikləri hələ ki məlum deyil.
"Biz bu istiqamətdə işləməyi davam etdirəcəyik. Şənbə günü əsirlər haqqında məlumat alınıb. Gəmi Somali sahillərində hərəkət edir, lakin quldurlar hansı məbləği tələb edəcəkləri barədə heç bir bəyanat verməyiblər", - Kapanadze deyib.
Üzvləri arasında 13 gürcü dənizçinin də olduğu gəmi avqustun 8-də Somali dəniz quldurları tərəfindən saxlanılıb.