Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın siyasi partiyaları iqtidarla müxalifətin dialoqunu vacib sayırlar.
"Azərbaycanda siyasi sistemin mədəniləşdirilməsi üçün müxalifətlə iqtidar arasında dialoqun olması vacibdir", - bunu çərşənbə axşamı Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya hər zaman dialoqun tərəfdarı olub.
"Azərbaycan siyasi sistemində iqtidarla müxalifətin dialoqunun baş tutmamasının səbəblərindən biri özünü həddən artıq radikal hesab edən müxalifət partiyalarının hakim partiya ilə dialoqa getmək istəməməsidir", - Mustafa əlavə edib.
Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, demokratik cəmiyyətdə seçkilər və siyasi yarışlarla yanaşı, dialoq da olmalıdır.
"Biz 2007-ci ildən etibarən Azərbaycanda siyasi inkişafın yeganə yolunu siyasi dialoqda gördüyümüzü demişik və belə bir siyasi kurs qəbul etmişik", - Cəlaoğlu bildirib.
O, qeyd edib ki, demokratiyanın iki prinsipi var.
"Bunlardan biri konsensusdur. O cəmiyyətdə ki, konsensus yoxdur, həmin cəmiyyətdə yalnız seçki ilə demokratiya ola bilməz. Azərbaycanda siyasi dialoq vacibdir. Əgər biz Azərbaycanda müəyyən inkişafa nail olmaq istəyiriksə, mütləq dialoq üsulundan istifadə etməliyik", - Cəlaloğlu əlavə edib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yüksək dialoq mədəniyyəti və dialoq sistemi var.
"Dialoqu ancaq masa arxasında oturaraq hansısa məsələni müzakirə etmək kimi qəbul etmək olmaz. Bu, dialoqun bir ştrixidir. Dialoq öz-özlüyündə bir siyasi mədəniyyətdir, siyasi praktikadır. Bu gün parlamentdə ayrı-ayrı siyasi partiyaların nümayəndələri açıq şəkildə fikirlərini bildirirlər ki, bunun özü də bir dialoqdur. Bu, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün, hüquqi dövlətin qurulması üçün bir dialoqdur", - Mirzəzadə əlavə edib.
Millət vəkili qeyd edib ki, mətbuat səhifələrində, ayrı-ayrı tədbirlərdə iqtidar, müxalifət və digər siyasi qüvvələrin nümayəndələri açıq şəkildə məsələyə münasibət bildirirlər.
"Vacib deyil ki, mütləq hamı eyni cür düşünsün. Bizim üçün vacib olan hər bir kəsin qanunda qadağan olunmayan formada və yaxud qanunla qadağan olunmayan mövzularda fikir mübadiləsi aparması məsələsidir. Bu gün Azərbaycanda dialoq atmosferinin olduğunu qəti şəkildə deyə bilərik", - Mirzəzadə deyib.