Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin Aqrar siyasəti komitəsi payız sessiyasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaq. Bu barədə cümə axşamı keçirilən iclasda komitənin sədri Eldar İbrahimov məlumat verib.
İclasda qeyd olunub ki, qanun layihəsi rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, daxili bazarın qorunub-saxlanmasına və kooperativlərin sosial və maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Qanun layihəsi dövlət tərəfindən kooperativlərə kredit ayrılmasını, onların məhsullarının xarici bazarlara ixracını dəstəkləyir.
Qanun layihəsinə görə, bələdiyyələr kooperativlər üçün onların balansında olan istifadəyəyararlı topraqları ayırmalı, eləcə də onlar üçün kooperativ bazarlar təşkil etməlidirlər.
"Qanunun qəbul edilməsi kənd təsərrüfatı məhsulları bazarında rəqabət mühitinin yaranmasına, bu məhsulların qiymətlərinin süni artımının qarşısının alınmasına kömək edəcək", - İbrahimov bildirib.