Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak etmək üçün 4 milyon 846 min seçici siyahısı dəqiqləşib. Trend-in məlumatına görə, bu barədə şənbə günü keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.
"Qanunvericiliyin tələbi ilə seçicilərin siyahıya daxil edilməsi seçki ili olub-olmamasından asılı olmayaraq hər zaman dəqiqləşdirilməlidir. Bu gündən başlayaraq, seçici siyahısının çapına başlanılıb. Oktyabrın 3-nə kimi onlar seçki məntəqələrinin önündə asılmalıdır", - Məmmədov əlavə edib.
MSK katibi deyib ki, seçicilər adlarını səsvermə günü də daxil olmaqla, seçici siyahısına daxil edə bilərlər.
"Seçici siyahısının dəqiqləşdirilməsi üçün İnternet imkanlarından istifadə olunur və seçki məntəqələrində dəqiqləşdirmə işləri aparılır", - Məmmədov deyib.
Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.