Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın NATO-nun Əfqanıstandakı əməliyyatlarında iştirakı onun demokratik ideallara sadiqliyinin sübutudur. Bu barədə NATO Baş katibi Anders Foq Rasmussen bu gün Tbilisidə Müdafiə Nazirliyində keçirilən görüşdə bildirib.
O, bu sözlərlə Əfqanıstana yola düşən gürcü hərbçilərin bölüyünə müraciət edib.
NATO Baş katibi Əfqanıstanda dörd gürcü hərbçinin həlak olması ilə əlaqədar başsağlığı verib və bəyan edib ki, "Alyans gürcü hərbçilərinin fədakarlığını yüksək qiymətləndirir". "Gürcü hərbçiləri amerikalılarla birgə Əfqanıstanın ən mürəkkəb regionu olan Gilmənddə xidmət keçirlər və NATO rəhbərliyi onların igidliyini və fədakarlığını yüksək qiymətləndirir", - o deyib.
Rasmussen qeyd edib ki, NATO və blokun tərəfdaşları öz sülhməramlı missiyalarının uğurla həyata keçirilməsi üçün mümkün olan bütün səyləri göstərirlər. Yalnız bundan sonra əfqan xalqı öz problemlərini həll edə və öz ölkəsini idarə edə bilər.