...

İranın təcrid olunması beynəlxalq birlik üçün əlverişli deyil – Böyük Britaniyanın dövlət naziri

Siyasət Materials 21 Oktyabr 2010 14:02 (UTC +04:00)
İranın təcridi, onun öz nüvə proqramını dünya birliyi ilə müzakirə etmək istəyinin olmaması heç kimə əlverişli deyil.
İranın təcrid olunması beynəlxalq birlik üçün əlverişli deyil – Böyük Britaniyanın dövlət naziri

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Y.Ostapenko/

İranın təcridi, onun öz nüvə proqramını dünya birliyi ilə müzakirə etmək istəyinin olmaması heç kimə əlverişli deyil. Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton belə hesab edir.

"Heç kimə sərfəli deyil ki, İran öz hərəkətləri ilə Britaniya üçün də əhəmiyyətə malik olan, bütün regiona aid olan məsələ üzrə danışıqlar prosesindən özünü kənarlaşdırır", - Lidinqton çərşənbə günü Azərbaycan Dillər Universitetində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İranın danışıqlardan imtina etməsi milyonlarla iranlının da maraqlarına cavab vermir.

2003-cü ildən İranın nüvə proqramı BAEA-də, onun gizli fəaliyyəti məlum olandan sonra, narahatlıq doğurur. Bir sıra dövlətlər, o cümlədən, ABŞ İranın nüvə silahı yaratmağa can atdığına əmindir və hadisələrin bu cür inkişafının dayandırılmasını tələb edir.

Lakin İran nüvə silahınnı yayılmamasına dair Müqavilənin iştirakçısı kimi nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etməyə tamhüquqlu olduğunu iddia edir.

"Böyük Britaniya və Avropa İttifaqı, ümumilikdə, qədim tarixə malik mühüm ölkə olan, dinamik cəmiyyətə malik olması ilə fəxr edə biləcək, regionun mərkəzində yerləşən, bütün dünya üçün iqtisadi nöqteyi-nəzərdən son dərəcə vacib olan İranla konstruktiv tərəfdaşlıq münasibətlərinə doğru can atır", - Lidinqton deyib.

Onun sözlərinə görə, Böyük Britaniya, həmçinin, İranı qonşu Azərbaycana münasibətdə daha dost və sabit ölkə kimi görmək istəyir.

Nazir bildirib ki, Aİ İranın dinc nüvə proqramını dəstəkləyir. Lakin əgər İran ona təklif olunan dəstəkdən imtina etməkdə davam edərsə, ona BMT, Aİ və digər strukturlar tərəfindən iqtisadi sanksiyalar vasitəsilə təzyiqlər davam edəcək.

BMT TŞ indiyədək İrana qarşı sanksiyaların tətbiqinə yönəlmiş altı qətnamə qəbul edib. Həmin qətnamələr İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edir. Qətnamələrdən ikisi xəbərdarlıq xarakteri daşıyır. Tehran isə bütün ittihamları rədd edir və onun nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını bəyan edir.

"İrana qarşı sanksiyalar ölkədə rejimin dəyişdirilməsinə cəhd deyil və hərbi əməliyyatların önündə getmir", - Lidinqton öz çıxışında bildirib.

"Bu, İran rəhbərliyinə onların ya öz nüvə proqramını beynəlxalq birliyin nümayəndələri ilə müzakirə etmək üçün danışıqlar masası arxasına oturmaq, ya da gələcək təzyiq və beynəlxalq təcridlə üzləşmək seçimi olduğunu göstərmək cəhdidir ", - o deyib.

Xəbər lenti

Xəbər lenti