...

İlham Əliyev Abdullah Gülü və Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Siyasət Materials 28 Oktyabr 2010 20:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
İlham Əliyev Abdullah Gülü və Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Dost və qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə hərtərəfli inkişaf yolu tutaraq dünya miqyasında böyük nüfuza malik qüdrətli bir dövlətə çevrilmişdir. Biz Türkiyənin uğurlarına, yüksəlişinə sevinir, bundan hədsiz qürur duyuruq.

Gücünü tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən alan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dövlətlərarası münasibətlərimizin məzmununda və ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər sarsılmaz strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Əminəm ki, ulu əcdadlarımızdan miras qalmış dostluq və qardaşlıq duyğularımız xalqlarımızın xoş və firavan yaşayışı, ölkələrimizin daim çiçəklənməsi naminə birgə səylərimizə daim təkan verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Abdullah Gülə möhkəm cansağlığı, işlərində uğurlar, dost və qardaş türk xalqına sülh və rifah arzulayıb.

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı da bayram münasibətilə təbrik edib.

"Milli bayramınız - Respublika günü münasibətilə Sizə və bütün türk xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın yekdil iradəsinin bariz ifadəsidir. Əminəm ki, qarşılıqlı inam, etibar və dəstəyin parlaq mücəssəməsi olan münasibətlərimiz müttəfiqliyimizin və həmrəyliyimizin rəhni olaraq daim yaşayacaq və xalqlarımızın rifahına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti