Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir T.Hacıyev/
"Parlament-2010" Seçki Monitorinqi Koalisiyası Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı elektron hökumət sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vasitəsilə elektron səsvermə təşkil edəcək. Bu barədə çərşənbə günü Trend-ə Koalisiyadan məlumat veriblər.
Məlumatda qeyd olunub ki, elektron səsvermə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş müsabiqə nəticəsində Koalisiyanın istifadəsinə verilib.
"Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərə elektron səs verməsinə imkan yaradır.
Elektron səsvermə 2010-cu il noyabrın 7-də saat 08:00-dan 19:00-dək www.e-secim2010.az internet saytında aparılacaq. Nəticələr səsvermə prosesi başa çatdıqdan sonra elan olunacaq.
Layihə və səsvermə haqqında ətraflı məlumatı saytdan əldə etmək olar.
Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.