...

Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir – nazir Elmar Məmmədyarov

Siyasət Materials 3 Noyabr 2010 18:36 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir.
Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir – nazir Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda keçirilən Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) çıxışı zamanı deyib.

Nazir Məmmədyarov Əfqanıstanda davamlı sülh və stabilliyin bərqərar olunması üçün Azərbaycanın atdığı addımlardan söz açıb. O qeyd edib ki, Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin əməliyyatlarına 2002-ci ildə qoşulub və 2009-cu ildə Əfqanıstanda hərbçilərinin sayını iki dəfə artırıb. Bununla yanaşı, qeyri-hərbi sahədə də Azərbaycanın öz töhfəsini verdiyini söyləyib.

"Müxtəlif sahələr üzrə əfqan mütəxəssislərin Azərbaycanda treninqlərə qatılması, Azərbaycandan iki həkimin və iki mühəndisin beynəlxalq sülhməramlı qüvvələrin Kabil Regional qərargahına ezam edilməsi, Əfqanıstanın Minalardan Təmizləmə Departamentinin 11 əməkdaşının ANAMA-da tədris kurslarında iştirakı, Əfqanıstan Təhsil Nazirliyinin xahişi ilə ANAMA tərəfindən hazırlanmış və Azərbaycanın Təhsil Nazirliyinin dəstəyi ilə çap edilmiş mina təhlükəsinə aid 10 500 kitabçanın bu yaxınlarda Parvan bölgəsinə çatdırılacağı bunun bariz nümunəsidir", - nazir deyib

Azərbaycan Diplomatik Akademiyasında keçən ilin mayında 4 əfqan diplomatının treninqlərdə iştirakı, bu ilin sentyabr-oktyabr aylarında Bakıda keçirilmiş ADA-ın Cenevrənin Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə hazırladığı "Yaxşı idarəetmə və qanunun aliliyi" adlı kursda Əfqanıstanın 19 dövlət və qeyri-dövlət sektorunun nümayəndələrinin iştirakı və ADA-nın belə kursların bundan sonra da davam etdirilməsinə dair niyyəti kimi məlumatlar da tədbir iştirakçılarına diqqətinə çatdırılıb.

Həmçinin, nazir Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi əfqanıstanlılar üçün digər sahələr üzrə də müxtəlif tədris və treninq kurslarının hazırlanması işini davam etdirərək Əfqanıstan tərəfinin buna dair cavabını gözləyir və tələb olunduğu halda əfqan tələbələrin Azərbaycanın təhsil ocaqlarında təhsil alması məsələsini nəzərdən keçirməyə hazırdır.

Azərbaycanın coğrafi mövqeyi və mövcud nəqliyyat infrastrukturundan istifadənin ölkəni tranzit baxımından çox vacib məkana çevirdiyi və bu qisimdə Əfqanıstana kommersiya yüklərinin daşınmasında geniş töhfə verdiyi bildirilib. Nazir Bakı-Tbilisi-Qars dəmiryolunun tamamlanmasının yüklərin Əfqanıstana tez və təhlükəsiz şəraitdə çatdırılması prosesini aktivləşdirəcəyi və tənzimləyəcəyi fikrini də səsləndirib. Buna əlavə olaraq hazırda tikilən Azərbaycanın yeni dəniz limanının Xəzər dənizi vasitəsilə Əfqanıstana daşınan yüklərin həcminin artmasına səbəb ola biləcəyi də vurğulanıb.

Ölkəsinin Əfqanıstanın iqtisadiyyatının stabil inkişafında maraqlı olduğunu deyən nazir, Azərbaycanın əfqan hökumətinin bu sahədə mümkün təkliflərini nəzərdən keçirməyə hazır olduğunu da qeyd edib. Nazir bildirib ki, Azərbaycanın təbii sərvətlərin hasilatında böyük təcrübəsi olduğundan, Əfqanıstan tərəfinin bu sahələr üzrə konkret layihələr irəli sürəcəyi təqdirdə, onların müsbət inkişafına öz töhfəsini vermək məsələsinə baxmağa hazırdır.

Çıxışın sonunda nazir Məmmədyarov Əfqanıstan probleminə həm regional, həm də beynəlxalq ölçüdə ən vacib məsələ kimi yanaşmanın vacibliyini bir daha tədbir iştirakçıların nəzərinə çatdıraraq, bu problemin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyəti və Əfqanıstan hökumətinin təhlükəsizlik, iqtisadi inkişaf və insanların həyat tərzinin yaxşılaşdırılması sahəsində səylərinin dəstəklənməsinin zəruriliyini vurğulayıb.

Həmçinin, səfər çərçivəsində nazir Məmmədyarov türkiyəli həmkarı ilə görüş keçirərək ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti