...

İlham Əliyev Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş və yenidən qurulmuş hissələrinin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 8 Noyabr 2010 21:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak edib.
İlham Əliyev Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş və yenidən qurulmuş hissələrinin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB)(FOTO)

RED. əlavəsi: Dövlət başçısının çıxışı əlavə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İnşaatçılar və nəqliyyatçılar dövlət başçısını hərarətlə qarşılayıblar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 8 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nın icrası ilə əlaqədar "Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması" və "Bakı-Ələt avtomobil yolunun Bibiheybət-Lökbatan dairəsi sahəsinin yenidən qurulması" layihələri həyata keçirilib.

Layihələrin icrasına 2009-cu ilin mayında başlanıb.

Yolun tikilən birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır.

Bu yolun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcək.

Prezident İlham Əliyev inşaatçıları təbrik edib.
 
"Çox yaxşı iş görmüsünüz, şəhərimiz üçün çox gözəl yol tikmisiniz. Bu, böyük peşəkarlıq tələb edən bir layihədir, çünki burada yolun böyük hissəsi dağın yarılması hesabına yaradılıb. Sadəcə, burada yeni yol çəkmək deyil, böyük işlər görülüb, - həm istinad divarları tikilib, həm dağ yarılıb, həm də yol genişləndirilib. İndi bu, şəhər sakinləri, şəhərə gələn qonaqlar üçün ən gözəl yollardan biridir. Bu yol bizi sərhədlərlə birləşdirir. Həm keyfiyyət, həm gözəllik, işıqlandırma sistemi. Yəni dünya standartlarına cavab verən yoldur. Eyni zamanda, yeni yol da tikilib. O yol mövcud deyildi. O da birtərəfli, 6 zolaqlı, geniş rahat bir yoldur", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan şirkətləri bu cür işlərdə böyük təcrübə əldə ediblər.

"Mən çox şadam ki, son vaxtlar yol tikintisində, ancaq Azərbaycan şirkətləri iştirak edirlər. Bu, onu göstərir ki, bizdə ən qabaqcıl texnologiyalara uyğun şəkildə keyfiyyətli yolların tikilməsi artıq mümkündür. Əvvəlki illərdə biz daha çox xarici mütəxəssislərdən asılı idik. Onları dəvət edirdik. Onlar bizim üçün yol tikirdilər. İndi biz özümüz tikirik. Yəni, həm bizim insanlar, mütəxəssislər işləyir, həm iş yerləri yaradılır, həm də ki, gəlir qalır Azərbaycanda, xaricə getmir.
Son illərdə çoxlu yollar tikilib, yenə də tikiləcəkdir. Bu gün dairəvi yolun açılışını qeyd edəcəyik. Bu da tarixi hadisədir. Bakını şəhərə girmədən bütün istiqamətlərlə birləşdirən, eyni zamanda, şimal istiqamətlərindən cənub-qərb istiqamətlərinə aparan yeni yoldur. Biz rahat, keyfiyyətli yolun açılışını qeyd edəcəyik.
Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm", - İlham Əliyev deyib.

Sonra dövlətimizin başçısı paytaxtın və bütövlükdə ölkənin nəqliyyat arteriyasında əhəmiyyətini nəzərə alaraq bu yoldan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti