...

ABŞ dövlət katibi Gürcüstanda ATƏT missiyasının iştirakını bərpa etməyə çağırıb

Siyasət Materials 1 Dekabr 2010 12:30 (UTC +04:00)

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

ABŞ dövlət katibi Hillari Klinton ərazi bütövlüyü Birləşmiş Ştatlar tərəfindən qeyd-şərtsiz tanınan Gürcüstanda ATƏT missiyasının iştirakını bərpa etməyə çağırıb.

"Bu zaldakı bütün iştirakçılar ATƏT-in önəmli rolunun, onun Gürcüstandakı iştirakının bərpa olunmasına imkan verməlidirlər", - Klinton Astanada keçirilən ATƏT sammitində bəyan edib.

Onun sözlərinə görə, ABŞ münaqişə tərəflərinin 2008-ci il atəşkəş sazişinin tam tanınması və yerinə yetirilməsi üçün əlindən gələni edir. "Bununla əlaəqdar, biz Prezident Saakaşvilinin birtərəfli qaydada güc tətbiq etməməklə bağlı vədini xüsusilə alqışlayırıq", - Klinton bildirib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

ATƏT-in Gürcüstandakı müşahidə missiyası 2009-cu ilin iyununda öz fəaliyyətini dayandırıb. Rusiya əməliyyatların davam etdirilməsinə veto qoyaraq təşkilatın tərəf saxlaması haqda bəyan edib.

ATƏT ölkələrində təhlükəsizlik Astanada sammit iştirakçılarının müzakirə edəcəyi əsas mövzulardan biridir. ATƏT sammiti müstəqillik əldə etməsindən sonra Qazaxıstanın siyasi həyatında görkəmli hadisədir. O, çərşənbə günü və cümə axşamı bütün üzv ölkələrin, eləcə də 12 tərəfdaş ölkənin dövlət və hökumət başçılarının və 68 beynəlxalq qurumun rəhbərlərinin iştirakı ilə keçiriləcək.

ATƏT məşvərətçi orqan olduğu üçün bu tip yüksək səviyyəli görüş mövcud problemləri müzakirə etməyin yeganə üsuludur. Ötən illər ərzində dünyada təhlükəsizlik və təhdidlər sahəsində vəziyyət kəskin şəkildə dəyişib və Astana sammiti ATƏT ölkələrinə hazırkı vəziyyəti müzakirə etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti