RED. əlav.: Bəkqraund və nazir müavininin sözləri əlavə olunub.
Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.İsmayılov/
Yaxın vaxtlarda Avropa İttifaqı Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya məsələsi üzrə danışıqlara başlamaq haqqında qərar qəbul edə bilər.
"Yaxın 2-3 ay ərzində Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya məsələsi üzrə qərar qəbul edə bilər", - xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev cümə günü jurnalistlərə bildirib.
XİN rəhbərinin müavini bildirib ki, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ ilə danışıqları davam etdirir. Danışıqların növbəti mərhələsinin gələn ilin yanvarında Bakıda keçirilməsi planlaşdırılır.
Məmmədquliyev dekabrın 13-də Brüsseldə keçiriləcək Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələri nazirlərinin görüşündə Azərbaycanı təmsil edəcək.
Görüşün məqsədi proqram çərçivəsində cari ildə görülmüş işləri təhlil etmək, perspektivli fəaliyyət sahəsini müəyyən etməkdir. Bu barədə cümə günü jurnalistlərə nazir müavini bildirib.
Eyni zamanda, xarici işlər nazirləri may ayında Budapeştdə keçirilməsi nəzərdə tutulan Aİ-nin sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Gələn ilin birinci yarısında Aİ-yə Macarıstan sədrlik edəcək.
"Şərq tərəfdaşlığı" Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrinin yaxşılaşdırılmasına yönəldilmiş Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avro ayrılması nəzərdə tutulub ki, bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi daşıyır. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2009-cu il mayın 7-də Praqada keçirilib.