Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Milli Məclisi çərşənbə axşamı Yol İşarələri və Siqnallar haqqında Konvensiyanın təsdiq edilməsi barədə qanunu qəbul edib.
"İldən-ilə Azərbaycanın yolları dünya standartlarına uyğunlaşdırılır və bu işlərə müvafiq olaraq yol işarələri də beynəlxalq standartlarla eyniləşdirilməlidir", - parlamentin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev parlamentin iclasında bildirib.
Qanun layihəsinin müzakirələri zamanı parlamentin deputatı Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda yol işarələrinin tənzimlənməsi haqqında çoxlu qaydalar tətbiq edilir. "Lakin buna baxmayaraq, biz təcrübədə bu qaydaların yerinə yetirilməməsi ilə üzləşirik", - o deyib.
Bundan başqa, çərşənbə axşamı parlamentin iclasında "Azərbaycanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə əlavələr, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də təsdiq edilib.