Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib, AzərTAac Dövlət Agentliyi xəbər verir.
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon açıb.
Medvedev dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib. Dövlət başçıları 2010-cu ili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Rusiya Prezidenti 2010-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu da ünvanlayıb.
"Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın - müasir və dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda və sosial sahədə sanballı nailiyyətləri, onun beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir. Aramızda yaranmış mehriban şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığını genişləndirmək əzminiz dostluq və mehriban qonşuluq ənənələrinin möhkəmlənməsinə, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın davamlı inkişafına hər cəhətdən kömək edir", - məktubda deyilir.
Medvedev Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsinin ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəyinə, həm də Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərəcəyinə əminliyini bildirib.