...

Azərbaycan Prezidenti İsveçrə və Türkmənistanın yeni təyin olunmuş səfirlərini qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Yanvar 2011 18:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İsveçrə və Türkmənistanın yeni təyin olunmuş səfirlərini qəbul edib (ƏLAVƏ OLUNUB)

Türkmənistan səfirinin qəbul edilməsi barədə məlumat əlavə olunub (İlk xəbər 18:10-da çıxıb)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Sabine Ulmann Şaban fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Sabine Ulmann Şaban etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz bu əməkdaşlığı bir çox sahələrdə genişləndirmək əzmindədir.

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yaxşı səviyyədə olması ilə bağlı dövlətimizin başçısının dediyi fikirləri təsdiqləyən səfir müxtəlif səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb. Xanım Sabine Ulmann Şaban əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin önəmli olduğunu bildirib.

Son illər ərzində münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin tərəfdaşlıq xarakteri aldığını deyib və prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd edib. Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev səfirə işində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovun etimadnaməsini də qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Toyli Komekov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Toyli Komekov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Toyli Komekovun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Toyli Komekov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Toyli Komekov səfir kimi Azərbaycanda fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib. O, əvvəllər Xəzər məsələsi ilə bağlı azərbaycanlı həmkarları ilə Bakıda çalışdıqlarına toxunaraq Azərbaycanın sədrliyi ilə Xəzəryanı ölkələrin Bakı sammitinin yüksək səviyyədə təşkil olunduğunu və bu sammitdə imzalanan hüquqi sənədin əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti